Bəqərə - 2:85
Bütün bunlardan sonra, siz hələ də bir-birinizi öldürür, aranızdan bir qrupu yurdlarından çıxarır, pislik və düşmənçilik etməkdə onlara qarşı birləşirsiniz. Onları yurdlarından çıxarmanız sizə haram edildiyi halda, bu yetməyirmiş kimi sizə əsir düşdüklərində də, bir də onlardan fidyə istəyirsiniz. Yoxsa siz Kitabın bir qisminə iman edib, bir qismini inkarmı edirsiniz? Bu cür davrananların cəzası dünya həyatında rəzil olmaq, Dirilmə günündə də əzabın ən şiddətlisinə uğradılmaqdan başqa nə ola bilər? Allah etdiklərinizdən qafil (bixəbər) deyildir.
İsrail oğullarından alınan sözün təfsilatı:
Bəqərə/2:83
İsrail oğullarından bu cür söz almışdıq: “Allahdan başqasına qulluq/xidmət etməyəcəksiniz, anaya, ataya, yaxınlara, yetimlərə və yoxsullara yaxşılıq edəcəksiniz. İnsanlarla dost kimi danışacaqsınız. Namazı qoruyacaq və zəkatı verəcəksiniz!” Fəqət bundan sonra az bir qisminiz istisna olmaqla, üz çevirib döndünüz.
Bəqərə/2:84
“Bir-birinizin qanını tökməyəcəksiniz və bir-birinizi yurdlarınızdan çıxarmayacaqsınız!”– deyə də sizdən söz almışdıq. Bunu qəbul etmiş və şahid olmuşdunuz.
Bəqərə/2:63
Sina dağını üzərinizə qaldıraraq bir zamanlar sizdən söz almışdıq: “Sizə verdiyimizə qüvvətlə sarılın, içindəkiləri xatırlayın ki, qorunasınız,” demişdik.
Bəqərə/2:64
Fəqət bundan sonra da üz çevirdiniz. Allahın sizə bol neməti və mərhəməti olmasaydı ziyana uğrayardınız.
Bəqərə/2:93
Bir vaxt üzərinizə Tur dağını qaldırıb sizdən söz almışdıq: “Sizə verdiyim əmrlərə möhkəmcə sarılın və dinləyin!” Fəqət “Dinlədik və qarşı gəldik,” - dedilər. İnkar etmələrinə görə qəlbləri buzov ilə aldandı. De ki: “İman etmişsinizsə, inancınız sizə necə də pis yön verir!”
Nisa/4:154
Onlardan söz alarkən Sina Dağını üzərlərinə yüksəltdik. Onlara, "Qapıdan təvazökar olaraq daxil olun," - dedik. Onlara, "Şənbə gününün qadağasını pozmayın," - dedik; onlardan sağlam bir söz aldıq.
Maidə/5:70
İsrail oğullarından söz almış, onlara elçilər göndərmişdik. Hər nə vaxt xoşlarına gəlməyən bir şeylə onlara bir elçi gəldisə, bir qismini yalanlayıb, bir qismini də öldürdülər.
Əraf/7:171
Dağı bir çətir kimi üzərlərində sallamışdıq. Belə ki, təpələrinə düşəcəyini sanmışdılar: "Sizə verdiyimə möhkəmcə sarılın. Qurtula bilməniz üçün məzmunu üzərində düşünün."