Bəqərə - 2:87
Musaya Kitabı verdik və ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Məryəm oğlu İsaya da açıq-aşkar dəlillər verdik və onu Müqəddəs Ruh ilə dəstəklədik. Məgər bir elçi sizə xoşlamadığınız bir şey gətirdikdə təkəbbür göstərmədinizmi? Necə ki, (onların) bir qismini yalançı hesab etdiniz və bir qismini də öldürdünüz.
Məryəm (ə.s):
Ali İmran/3:33
Allah Adəmi, Nuhu, İbrahim ailəsini və İmranın ailəsini insanların arasından (elçi olaraq) seçdi.
Ali İmran/3:34
Bir-birlərinin soyundan olaraq... Allah Eşidəndir, Biləndir!
Ali İmran/3:35
İmranın arvadı demişdi ki: “Rəbbim! Qarnımdakı (uşağı) tamamiylə Sənə nəzir etdim. Etdiyim nəziri qəbul et! Sən Eşidənsən, Bilənsən”.
Ali İmran/3:36
Onu doğunca: “Rəbbim, onu qız doğdum”, dedi. Allah onun nə doğacağını bilirdi. “Oğlan qız kimi deyil. Ona Məryəm adını verdim, onu və soyunu, qovulmuş şeytandan qorumağın üçün Sənə yalvarıram”.
Ali İmran/3:37
Rəbbi, nəzirini gözəl bir şəkildə qəbul etdi və onu Zəkəriyyanın himayəsində gözəl bir çiçək kimi yetişdirdi. Zəkəriyya, məbəddə onun yanına hər daxil olduqda yanında yeyiləcək şeylər görərdi. (Zəkəriyya:) “Məryəm, bunlar sənə haradan gəlir?” deyə soruşduğunda, (Məryəm:) “Bu, Allah qatındandır. Allah istədiyi kimsəyə hesabsız ruzi verər”, deyərdi.
Ali İmran/3:38
Zəkəriyya oradaca Rəbbinə dua edərək dedi: “Rəbbim! Qatından mənə tərtəmiz bir soy ver, Sən duaları Eşidənsən”.
Ali İmran/3:39
Məbəddə durub namaz qılarkən mələklər ona: “Allah səni, Allahın sözünü təsdiqləyəcək, qürurlu, iffətli və müttəqi bir peyğəmbər olan Yəhya ilə müjdələyir", deyə səsləndilər.
Ali İmran/3:40
"Rəbbim, mən yaşlı və arvadım sonsuz ikən mənim necə oğlum ola bilər?” - deyincə, O, “Bəli; amma Allah istədiyini edər” - dedi.
Ali İmran/3:41
"Rəbbim, mənə bir əlamət ver, - dedi. "Əlamətin, üç gün işarə ilə anlaşmaqdan başqa insanlarla danışmamandır. Rəbbini daha çox xatırla və səhər-axşam Onu düşün.”
Ali İmran/3:42
Mələklər belə demişdi: "Məryəm, Allah səni seçib təmizlədi; səni bütün qadınların üzərinə seçdi."
Ali İmran/3:43
"Məryəm, Rəbbinə təslim ol, səcdəyə qapan, əyilənlərlə birlikdə əyil!”
Ali İmran/3:44
Bunlar, sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Məryəmə hansı kəfil olacaq deyə püşk atdıqları zaman sən onların yanında deyildin; mübahisə etdikləri zaman da sən onların yanında deyildin.
Ali İmran/3:45
Mələklər demişdi ki: “Məryəm, Allah səni Özündən bir kəlmə ilə müjdələyir. Onun adı Məryəm oğlu İsa Məsihdir. Dünyada da, axirətdə də öndərlərdəndir və (Tanrıya) yaxın olanlardandır.
Ali İmran/3:46
"Beşikdə ikən də, böyüyüncə də insanlarla danışacaq və yaxşılardan olacaq."
Ali İmran/3:47
(Məryəm): “Rəbbim! Mənə bir bəşər toxunmamışkən necə övladım ola bilər?” - deyincə, belə cavab verdi: “Allah istədiyini belə yaradır. Hər hansısa bir şeyin olmasını istədiyi an ona 'Ol' deyər və o şey olar.
Təhrim/66:12
Və İmran qızı Məryəm də... O, iffətini qorudu, Biz də ruhumuzdan ona üflədik. O Rəbbinin kəlmələrinə və kitablarına iman etdi; itaət edənlərdən oldu.
Məryəm/19:16
Kitabda Məryəmi də xatırla. Ailəsindən ayrılıb şərq tərəfdə bir yerə çəkilmişdi.
Məryəm/19:17
Özü ilə onlar arasına bir pərdə çəkmişdi. Bu durumda ona Ruhumuzu göndərdik və önündə mükəmməl bir insan surətində formalaşdı.
Məryəm/19:18
(Məryəm) dedi, "Səndən Rəhmana sığınıram! Müttəqisənsə..."
Məryəm/19:19
(Mələk:) "Mən, sənə tərtəmiz bir oğlan uşağı vermək üçün görəvləndirilmiş Rəbbinin bir elçisiyəm," dedi.
Məryəm/19:20
(Məryəm:) "Mənə heç bir insan əli dəyməmiş və mən iffətsizlik etməmişkən necə olur ki, bir oğlum olur?" dedi.
Məryəm/19:21
(Mələk) dedi: "Elədir, Rəbbin, 'O iş Mənim üçün asandır. Onu insanlar üçün bir işarət və Bizdən bir rəhmət edəcəyik. Bu, artıq qərarlaşdırılmış bir işdir' deyir."
Məryəm/19:22
Ona hamilə qalınca onunla uzaq bir bölgəyə çəkildi.
Məryəm/19:23
Doğum sancısı onu bir xurma budağına qədər sürüklədi. "Kaş ki, bundan öncə ölsəydim, unudulsaydım," dedi.
Məryəm/19:24
"Üzülmə, Rəbbin sənin altında bir su arxı hazırlamışdır," deyə (ağacın) altından ona səsləndi.
Məryəm/19:25
"Xurmanın budağını özünə doğru silkələ, üzərinə yetişmiş xurmalar tökülsün."
Məryəm/19:26
"Ye, iç və gözün aydın olsun. İnsanlardan birini görərsənsə, 'Mən Rəhman üçün oruc tutmağa qərar verdim. Bu gün heç bir insanla danışmayacağam' de."
Məryəm/19:27
Onu (körpəni) qucağına alıb xalqının yanına gətirdi. "Məryəm, sən heyrətamiz bir şey işlədin!" dedilər.
Məryəm/19:28
Ey Harunun bacısı, atan pis bir adam deyildi, anan da iffətsiz deyildi."
Məryəm/19:29
(Şahidlik üçün) Onu göstərdi. "Beşikdəki bir uşaqla necə ola bilər ki, danışaq?" dedilər.
Məryəm/19:30
(İsa:) "Mən Allahın bir quluyam! Mənə kitab verdi və məni peyğəmbər etdi," dedi.
Məryəm/19:31
"Harada oluramsa olum, məni mübarək etdi. Yaşadığım müddətcə mənə namazı və zəkatı və"
Məryəm/19:32
"anama qarşı xoş xasiyyətli olmamı əmr etdi. Məni dikbaş bir zalım (üsyankar) etmədi."
Məryəm/19:33
"Doğulduğum gün, öldüyüm gün və diri olaraq qaldırılacağım gün mənə salam olsun!"
Məryəm/19:34
Bax, Məryəm oğlu İsa belə idi. Haqqında şübhəyə düşdükləri mövzunun gerçəyi budur.
Muminun/23:50
Məryəm oğlunu və anasını bir işarət etdik və onları məskunlaşmaq üçün əlverişli və çeşməsi olan bir təpədə yerləşdirdik.