Zuxruf - 43:63
İsa açıq-aşkar möcüzələrlə gəlincə demişdi ki, "Sizə hikmət və ayrılığa (ixtilafa) düşdüyünüz mövzulara açıqlama gətirdim. Allahı dinləyin və mənə tabe olun."
İsa peyğəmbərin İsrail oğullarına gətirdiyi möcüzələr:
Ali İmran/3:45
Mələklər demişdi ki: “Məryəm, Allah səni Özündən bir kəlmə ilə müjdələyir. Onun adı Məryəm oğlu İsa Məsihdir. Dünyada da, axirətdə də öndərlərdəndir və (Tanrıya) yaxın olanlardandır.
Ali İmran/3:46
"Beşikdə ikən də, böyüyüncə də insanlarla danışacaq və yaxşılardan olacaq."
Ali İmran/3:47
(Məryəm): “Rəbbim! Mənə bir bəşər toxunmamışkən necə övladım ola bilər?” - deyincə, belə cavab verdi: “Allah istədiyini belə yaradır. Hər hansısa bir şeyin olmasını istədiyi an ona 'Ol' deyər və o şey olar.
Ali İmran/3:48
"Ona Kitabı, Hikməti, Tövratı və İncili öyrədəcək."
Ali İmran/3:49
"İsrail oğullarına göndərilən bir elçi olaraq (deyəcək ki): Mən sizə, Rəbbinizdən bir dəlil ilə gəldim. Sizə palçıqdan quş heykəli düzəldib ona üfürərəm və Allahın izni ilə bir quş olar. Allahın izni ilə koru və cüzamlını yaxşılaşdırar, ölünü dirildərəm. Nə yediyinizi və evlərinizdə nələr yığıb saxladığınızı sizə bildirə bilərəm. İman edəcəksinizsə bu dəlillər sizin üçün yetərlidir."
Ali İmran/3:50
"Məndən öncəki Tövratı təsdiqləmək və sizə haram edilən bəzi şeyləri halal etmək üçün göndərildim. Sizə Rəbbinizdən bir dəlil gətirdim. Allahı dinləyin və məni izləyin."
Maidə/5:110
Allah deyəcək ki: "Ey Məryəm oğlu İsa! Sənə və anana bəxş etdiyim nemətimi xatırla. Səni Müqəddəs Ruh ilə dəstəkləmişdim; beləcə beşikdə ikən də, yetkin çağında da insanlarla danışırdın. Sənə kitabı, hikməti, Tövratı və İncili öyrətmişdim. İznimlə palçıqdan quş heykəli yaradırdın və ona üfürüncə də iznimlə quş olurdu. Koru və cüzam xəstəliyinə tutulanı iznimlə yaxşılaşdırırdın. Yenə Mənim iznimlə ölüləri dirildirdin. İsrail oğullarına açıq-aşkar dəlillər gətirmənə rəğmən, içərilərindəki inkar edənlər, "Bu, açıq-aşkar sehrdən başqa bir şey deyildir," - demişdilər, sonra da səni onlardan qurtarmışdım.
Məryəm/19:29
(Şahidlik üçün) Onu göstərdi. "Beşikdəki bir uşaqla necə ola bilər ki, danışaq?" dedilər.
Məryəm/19:30
(İsa:) "Mən Allahın bir quluyam! Mənə kitab verdi və məni peyğəmbər etdi," dedi.
Məryəm/19:31
"Harada oluramsa olum, məni mübarək etdi. Yaşadığım müddətcə mənə namazı və zəkatı və"
Məryəm/19:32
"anama qarşı xoş xasiyyətli olmamı əmr etdi. Məni dikbaş bir zalım (üsyankar) etmədi."
Məryəm/19:33
"Doğulduğum gün, öldüyüm gün və diri olaraq qaldırılacağım gün mənə salam olsun!"