بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
33:21 Allahı və Axirət gününü arzulayan və Allahı daha çox xatırlayanlarınız üçün Allahın elçisində gözəl bir örnək vardır.
33:22 İman edənlər, partiyaları (müttəfiqləri) [hücuma hazır] görüncə, "Bax bu, Allahın və elçisinin bizə söz verdiyidir. Allah və elçisi doğru söyləmişdir," dedilər. Bu (təhlükəli vəziyyət), onların ancaq inanclarını və təslimiyyətlərini gücləndirdi.
33:23 İman edənlərdən elə kimsələr var ki, Allaha vermiş olduqları sözü gerçəkləşdirmişdirlər. Onlardan kimisi əhdini yerinə yetirdi (şəhid oldu), kimisi də hazır gözləyir. Heç vaxt qərarsızlığa düşmədilər.
33:24 Allah beləcə doğruları doğruluqları ilə mükafatlandırır. İkiüzlüləri də istəyərsə cəzalandırar və ya tövbələrini qəbul edər. Allah Bağışlayandır, Rəhmlidir.
33:25 Allah inkar edənləri öfkələriylə birlikdə əlləri boş olaraq geri çevirdi. Allah beləcə iman edənləri savaşdan qorudu. Allah güclüdür, Üstündür.
33:26 Və Kitab əhlindən onlara dəstək olanları qalalarından endirdi və ürəklərinə qorxu saldı. Bir qismini öldürür, bir qismini də əsir alırdınız.
33:27 Sizi onların torpağına, evlərinə, paralarına (pullarına) və hələ ayağınızı belə basmamış olduğunuz torpaqlara varis etdi. Allah hər şeyə Gücü Yetəndir.
33:28 Peyğəmbər, xanımlarına de ki, "Siz dünya həyatının süsünü istəyirsinizsə, gəlin sizə bəxşiş verim və sizi gözəlliklə buraxım."
33:29 "Yox, siz Allahı, elçisini və axirət yurdunu istəyirsinizsə, Allah sizdən gözəl davrananlara böyük bir mükafat hazırlamışdır."
33:30 Ey Peyğəmbərin xanımları, sizdən kim böyük və açıq bir günah işləyərsə, onun cəzası ikiqat olar. Allah üçün əlbəttə bu asandır.
33:31 Sizdən kim Allahın elçisinə tabe olar və müttəqi davranarsa, onun da mükafatını iki qat verərik və onun üçün bol bir ruzi hazırlamışıq.
33:32 Ey Peyğəmbərin xanımları, siz hər hansısa bir qadın kimi deyilsiniz. Müttəqisinizsə, işvəli danışmayın ki, qəlbində xəstəlik olan biriləri sizə yönəlməsin. Gözəl və normal şəkildə danışın.
33:33 Evlərinizdə oturun və keçmiş cahiliyyə dövründəki kimi insanlarla çox iç-içə (yaxın) olmayın. Namazı qoruyun, zəkatı verin, Allah və elçisinə tabe olun. Ey Kəbənin çevrəsində yaşayanlar, Allah sizdən günahları qaldırmaq və sizi tamamilə təmizləmək istəyir.
33:34 Evlərinizdə oxunan Allahın ayələrini və hikməti xatırlayın. Allah Lətifdir, Xəbərdardır.
33:35 Müsəlman kişilər və müsəlman qadınlar, iman edən kişilər və iman edən qadınlar, söz dinləyən kişilər və söz dinləyən qadınlar, doğru sözlü kişilər və doğru sözlü qadınlar, səbr edən kişilər və səbr edən qadınlar, hörmətli kişilər və hörmətli qadınlar, yardımsevər kişilər və yardımsevər qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, iffətli kişilər və iffətli qadınlar, Allahı çox xatırlayan kişilər və çox xatırlayan qadınlar; Məhz Allah onların hamısına bağışlanma və böyük bir mükafat hazırlamışdır.
33:36 Allah və elçisi bir işdə hökm verdiyi zaman, heç bir iman edən kişi və qadın o işdə seçim haqqına sahib deyildir. Kim Allaha və elçisinə üsyan edərsə, açıq bir şəkildə azmış olar.
33:37 Allah tərəfindən özünə yaxşılıq edilən və sənin də yaxşılıq etdiyin şəxsə, "Arvadını saxla və Allaha qarşı diqqətli ol," deyirdin. Beləcə Allahın açığa vuracağı bir şeyi gizləyirdin. Allahdan çəkinməli olduğun halda, insanlardan çəkinirdin. Zeyd zövcəsiylə əlaqəsini kəsdiyində Biz səni onunla evləndirmişdik ki, iman edənlər, övladlığa götürdükləri zövcələri ilə əlaqələrini kəsdiklərində onlarla evlənməkdə çətinliklə qarşılaşmasın. Allahın əmri yerinə yetirilməlidir.
33:38 Allahın Peyğəmbər üçün qanuniləşdirdiyi bir mövzuda, peyğəmbərə heç bir əngəl yoxdur. Bu, keçmişdən bəri gəlib-keçmişlərə tətbiq edilən Allahın sünnətidir (qanunudur). Allahın əmri, müəyyən edilmiş və qətiləşmişdir.
33:39 Allahın elçiliyini yayanlar (təbliğ edənlər) sadəcə Ona hörmət edərlər və Allahdan başqa heç kimsədən çəkinməzlər. Hesab soruşan olaraq Allah yetər.
33:40 Muhəmməd, sizin erkəklərinizdən (kişilərinizdən) heç birinin atası deyil. Fəqət o, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi Haqqıyla Biləndir.