بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
4:1 Ey insanlar! Sizi tək bir nəfisdən yaradan, ondan da zövcəsini yaradan, ikisindən də bir çox kişi və qadın törədən Rəbbinizi dinləyin! Adına bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allaha hörmət göstərin; əqrəbalara da... Allah əlbəttə sizə nəzarət etməkdədir.
4:2 Yetimlərin mallarını özlərinə verin və təmiz olanı pis olanla dəyişməyin. Mallarını öz mallarınıza qatıb yeməyin. Bu böyük bir ədalətsizlik olar.
4:3 Yetim qızlar haqqında ədalətli davranmamaqdan qorxursunuzsa, uyğun gördüyünüz qadınların ikisi, üçü və dördü ilə evlənə bilərsiniz. Onlara eyni davranmamaqdan qorxursunuzsa biri ilə və ya andlarınızın/müqavilələrinizin haqq sahibi olduqları ilə kifayətlənin. Azmamağınız üçün ən uyğunu budur.
4:4 Qadınlara mehrlərini tam verin! Öz istəkləri ilə o mehrin bir qismini sizə bağışlayarlarsa, onu könül xoşluğuyla yeyə bilərsiniz.
4:5 Allahın sizin himayənizə verdiyi mallarınızı ağılsızlara verməyin. O mallarla onları (yetimləri) bəsləyin, geyindirin və onlarla gözəl əlaqə qurun.
4:6 Evlənmə yaşına yetişdiklərində yetimləri sınayın. Onlarda yetkinlik görərsəniz mallarını özlərinə verin. Onlar böyüyüəcək deyə israfçılıq və tələm-tələsiklə mallarını yeməyin. Zəngin, (malın qorunması üçün çəkdiyi zəhmətin haqqından) imtina etsin. Fəqir isə uyğun bir miqdarda xərcləsin. Mallarını onlara (yetimlərə) şahidlər hüzurunda geri verin. Haqq-hesab çəkməyə Allah yetər.
4:7 Ana-atanın və əqrəbaların qoyub getdikləri maldan kişilərə bir pay vardır. Ana-atanın və əqrəbaların qoyub getdikləri maldan qadınlara da bir pay var. Miras istər az olsun, istər çox olsun (qadın) bir pay almalıdır.
4:8 Mirasın bölgü vaxtında, əqrəbalar, yetimlər və yoxsullar da iştirak edərlərsə, gözəl sözlər söyləyərək onlara da verin.
4:9 Geriyə zəif övladlar buraxan və onların vəziyyətlərindən narahat olanlar diqqət etsinlər. Allahı düşünsünlər və uyğun qərarlar versinlər.
4:10 Yetimlərin mallarını haqsız yerə yeyənlər qarınlarını atəşlə doldurmuş olarlar və cəhənnəmi boylayacaqlar.
4:11 Allah övladlarınız haqqında sizə belə tövsiyə edir. Kişiyə, iki qadının payı qədər pay düşür. Mirasçılar (övladlar) sadəcə qadın olub iki nəfərdən artıqdırlarsa qalan malın üçdə ikisi onlarındır. Övlad sadəcə bir qadındırsa qalan malın yarısı onundur. Əgər ölənin övladı varsa, onun ana və atasının hər birinə altıda bir düşər. Əgər onun övladı yoxdursa, varisi də ancaq ana və atasıdırsa, bu vəziyyətdə anasına üçdə bir pay düşər. Əgər ölənin qardaşı (və ya bacısı) varsa, bu vəziyyətdə onun anasına altıda bir düşər. Bütün bu bölüşmə ölçüləri, ölənin etdiyi vəsiyyətdən və borcların ödənməsindən sonra gəlir. Analarınız, atalarınız və övladlarınızdan hansının sizə daha faydalı olduğunu bilə-bilməzsiniz. Bu Allahın qanunudur. Allah Biləndir, Hikmət Sahibidir.
4:12 Əgər vəfat etmiş zövcələrinizin övladı yoxdursa, qoyub getdikləri mirasın yarısı sizindir. Yox əgər onların övladı varsa, onda qoyub getdiklərinin dörddə biri sizindir. Bu pay, borclarının ödənməsindən və etdikləri vəsiyyətdəki payların dağıdılmasından sonradır. Əgər sizin övladınız yoxdursa, buraxdığınızın dörddə biri onlarındır. Yox əgər övladınız varsa, onda buraxdığınızın səkkizdə biri onlarındır. Bu pay, borclarınızın ödənməsindən və etdiyiniz vəsiyyətdəki payların dağıdılmasından sonradır. Miras buraxan kişinin və ya qadının övladı və həyat yoldaşı olmayıb bir qardaşı və ya bir bacısı var isə bu vəziyyətdə hər birinə altıda bir düşər. Bundan çoxdurlarsa, üçdə birini bölüşürlər. Bu bölüşmə vəsiyyətdəki payların dağıdılmasından və borcların ödənilməsindən sonra tətbiq edilməlidir ki, kimsəyə zərər verilməsin. Bu, Allahdan bir vəsiyyətdir. Allah Bilir, Şəfqətlidir.
4:13 Bunlar Allahın qanunlarıdır. Allaha elçisinə tabe olanları içərisində çaylar axan cənnətlərə yerləşdirər. Orada sürəkli qalarlar. Bu, ən böyük uğurdur.
4:14 Kim Allaha və elçisinə üsyan edər və qanunlarını pozarsa, onu içində sürəkli qalacağı bir atəşə salar. Onun üçün alçaldıcı bir əzab var.
4:15 Qadınlarınızdan fahişəlik edənlərə qarşı içinizdən dörd şahid gətirin. Şahidlik edərlərsə, onları, ölüncəyə və ya Allah onlara bir yol açana qədər evlərdə tutub saxlayın.
4:16 Sizdən zina işləyən cifti cəzalandırın. Tövbə edib düzələrlərsə onlardan əl çəkin. Allah yönəlmələri (tövbələri) qəbul edəndir, Rəhmlidir.
4:17 Cahillik üzündən bir pislik işləyən və dərhal ardından tövbə edənlərin tövbəsinin qəbulu Allaha aiddir. Allah tövbələrini qəbul edər. Allah Biləndir, Hikmət Sahibidir.
4:18 Davamlı olaraq pis işlər görən və özlərinə ölüm yetişincə: “Mən artıq tövbə etdim!”– deyənlərin tövbəsi keçərsizdir. İnkarçı olaraq ölənlərin də tövbəsi keçərsizdir. Onlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq.
4:19 Ey iman edənlər! Qadınların mirasına onların istəklərinə zidd olaraq mirasçı olmanız sizin üçün qanuni deyil. Onlara öncədən vermiş olduğunuz malları onlardan geri almaq üçün onları sıxışdırmayın. Fahişəlik etmələri istisna. Onlarla yaxşı keçinin. Onlardan xoşlanmırsınızsa, ola bilər ki, xoşlanmadığınız bir şeyə Allah çox xeyir qoşmuşdur.
4:20 Mövcud arvadınızı buraxıb bir başqa arvadla evlənmək istəyirsinizsə, birincisinə böyük miqdarda mal vermiş olsanız belə ondan heç bir şeyi geri almayın. Saxtakarlıq və iftira edərək və günah işləyərəkmi geri alacaqsınız?