بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
65:1 Ey Peyğəmbər, qadınları boşadığınız zaman boşama müddətlərini gözləyin və bu müddəti yaxşıca hesablayın. Rəbbiniz olan Allahı dinləyin. Onları evlərindən çıxartmayın, onlar da çıxmasınlar (pis davranaraq onları buna məcbur etməyin). Ancaq sübut olunmuş bir zina işləmələri bunun xaricindədir. Allahın qanunu budur. Kim Allahın qanununu pozarsa, özünə zülm etmiş olar. Bilməzsən, bəlkə Allah bundan sonra (müsbət) bir iş ortaya çıxarar.
65:2 (Gözləmə) müddətlərini tamamladıqları zaman, onları gözəl şəkildə saxlayın, yaxud gözəl şəkildə ayırın. İçinizdən ədalətli iki nəfəri də bu işə şahid tutun. Şahidliyi Allah üçün edin. Məhz bu, Allaha və axirət gününə iman edənlər üçün bir öyüddür. Kim Allahı saya salıb dinləyərsə, ona bir çıxış yolu yaradar.
65:3 Və gözləmədiyi yerdən ona ruzi verər. Kim Allaha güvənərsə, O, ona yetər. Allah əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur.
65:4 Menopauza dövrünə girərək aybaşından kəsilən qadınlarınıza gəlincə, şübhəniz varsa, gözləmə müddətləri üç aydır. Aybaşı halı görməyən və hamilə olanların müddəti, yüklərini yerə qoymaları ilə sona yetişər. Kim Allahı dinləyərsə, onun işini asanlaşdırar.
65:5 Bu, Allahın sizə nazil etdiyi əmridir. Kim Allahı dinləyərsə, onun pisliklərini örtər və mükafatını böyüdər.
65:6 O qadınları, imkanınız daxilində, yaşadığınız yerdə sakin edin. Ayrılmağa məcbur etmək üçün onları narahat etməyin. Hamilədirlərsə, yüklərini yerə qoyuncaya qədər onların dolanışıqlarını təmin edin. Sizin üçün əmizdirərlərsə, ücrətlərini ödəyin. Aranızda gözəl bir əlaqə qurun. Çətinliklə qarşılaşsanız, onu başqa bir qadın əmizdirəcəkdir.
65:7 Varlı kimsə imkanı daxilində nəfəqə yardımı etsin. İmkanı az olan isə, Allahın ona verdiyindən versin. Allah bir kimsəyə vermiş olduğundan artıq bir məsuliyyət yükləməz. Allah çətinlikdən sonra asanlıq gətirəcəkdir.
65:8 Neçə-neçə məmləkətlər, Rəblərinin və Onun göndərdiyi elçilərin əmrlərinə baş qaldırdı. Axırda Biz də onları çətin bir hesaba çəkdik və onları görünməmiş şəkildə cəzalandırdıq.
65:10 Allah onlar üçün çətin (şiddətli) bir cəza hazırlamışdır. Elə isə, ey ağıl sahibi olan iman edənlər, Allahı dinləyin. Allah sizə mesaj endirmişdir.
65:11 Bir elçi göndərmişdir. İman edib müttəqi davrananları qaranlıqlardan aydınlığa çıxartmaq üçün sizə Allahın açıq-aşkar ayələrini oxuyur. Kim Allaha iman edər və müttəqi davranarsa, onu içində çaylar axan cənnətlərə daxil edər; orada əbədi qalarlar. Allah ona gözəl ruzi vermişdir.
65:12 Yeddi göyü və yerdən/torpaqdan da o qədər yaradan Allahdır. Əmrlər onların arasında enər. Beləcə Allahın hər şeyə gücünün yetdiyini və Allahın hər şeyi bilgi ilə ehtiva etdiyini biləsiniz.