بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
6:141 Odur yaradan, çardaqlı və çardaqsız bağçaları, məhsulları müxtəlif olan xurmaları, əkinləri, zeytunları və narları bənzər və ya fərqli. Hər biri meyvə verdiyi zaman meyvəsindən yeyin və haqqını da yığım günündə verin. İsrafçılıq etməyin; O, israfçılıq edənləri sevməz.
6:142 Kənd təsərrüfatı heyvanları,  minməyiniz, kəsməyiniz və ya onlardan yataq materialı çıxarmanız üçündür. Allahın sizə verdiyi ruzilərdən yeyin və şeytanın addımlarını izləməyin; çünki o sizin açıq-aşkar düşməninizdir.
6:143 Səkkiz cift: Qoyundan iki, keçidən iki... De ki: "İki erkəyimi haram etdi, iki dişinimi, yoxsa o iki dişinin rəhimlərindəkilərimi?" Doğru sözlülərsinizsə, bir biliyə əsaslanaraq mənə cavab verin.
6:144 Dəvədən iki, inəkdən iki. De ki: "İki erkəyimi haram etdi, iki dişinimi, yoxsa o iki dişinin rəhimlərindəkinimi? Allahın sizə belə əmr etdiyinə şahidmi oldunuz? İnsanları biliksizcə yoldan azdırmaq üçün, yalan uydurub onları Allaha isnad edənlərdən daha zalım kim ola bilər? Allah zalım topluluğu doğru yola yönəltməz."
6:145 De ki: "Mənə vəhy edilənlər içində, yeyən birisi üçün bunlardan başqa haram edilmiş bir maddə görmürəm: Leş, axıdılmış qan, donuzun əti - ki pisdir, Allahdan başqasına azğınca nəzir edilmiş yeyəcəklər." Məcburiyyətdə qalan bir kimsə, istəkli olmazsa və həddi aşmazsa, şübhəsiz sənin Rəbbin Bağışlayandır, Rəhmlidir.
6:146 Yəhudilərə bütün dırnaqlı heyvanları haram etdik. İnək və qoyunun da yağlarını haram etdik; ancaq bellərində yaxud bağırsaqlarında daşıdıqları, və ya sümüklərinə qarışmış olanlar xaric. Həddi aşmalarına görə onları belə cəzalandırdıq. Biz doğru deyirik.
6:147 Səni yalanlayarlarsa: "Rəbbiniz geniş rəhmət sahibidir və Onun cəzası günahkar camaatdan geri çevrilə bilməz," de.
6:148 Ortaq qoşanlar, "Allah istəməsəydi, nə biz, nə atalarımız ortaq qoşmaz, və heç bir şeyi də haram etməzdik," deyəcəklər. Onlardan öncəkilər də əzabımızı dadıncaya qədər eyni şəkildə yalanlamışdılar. De ki: "Yanınızda bizə göstərə biləcəyiniz hər hansısa bir məlumat varmı? Siz ancaq zənnə (şübhəli və ziddiyyətli rəvayətlərə) uyursunuz və siz sadəcə güman edirsiniz.
6:149 De ki: "Ən güclü dəlil Allahındır. İstəsəydi, əlbəttə hamınızı doğruya yetişdirərdi."
6:150 De ki: "Allahın bunu haram etdiyinə (dair) şahidlik edəcək şahidlərinizi gətirin." Şahidlik edərlərsə, onlarla bərabər şahidlik etmə. Ayələrimizi yalanlayanların və axirətə iman etməyənlərin kefinə uyma. Onlar, Rəblərinə başqalarını tay tutmaqdadırlar.
6:151 De ki: "Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini söyləyim." Ona heç bir şeyi ortaq qoşmayın. Ana-ataya yaxşı davranın. Yoxsulluq qorxusuyla övladlarınızı öldürməyin; Sizi də, onları da Biz bəsləyirik. Böyük günahların aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın qutlu hesab etdiyi cana haqsız yerə qıymayın. Bunlar, düşünəsiniz deyə Onun sizə verdiyi öyüdlərdir.
6:152 Yetkinlik çağına yetişincəyə qədər yetim malına yaxınlaşmayın. Ölçünü və çəkini doğru dürüst edin. Kimsəyə gücünün yetmədiyi şeyi yükləmərik. Danışdığınız zaman əqrəbanızın əleyhində olsa belə doğru olun. Allaha verdiyiniz sözü tutun. Bunlar, dərs alasınız deyə Onun sizə verdiyi öyüdlərdir.
6:153 Bax bu mənim ən doğru yolumdur. Ona tabe olun, başqa yollara uymayın; çünki onlar, sizi Onun yolundan ayırırlar. Bunlar, dinləyərsiniz deyə Onun sizə verdiyi öyüdlərdir.
6:154 Həqiqətən, ən gözəl şəkildə tamamlanmış, hər şeyin detallı açıqlaması, hidayət və rəhmət olaraq Musaya kitabı verdik ki, Rəbləriylə qovuşmağa iman etsinlər.
6:155 Bu da nazil etdiyimiz mübarək bir Kitabdır. Elə isə sizə mərhəmət edilməsi üçün ona tabe olmalısınız, muttəqi davranmalısınız.
6:156 Artıq, "Bizdən öncəki iki qrupa kitab verildi; biz isə onların öyrəndiklərindən (oxuduqlarından) xəbərsiz idik," deyə bilməzsiniz.
6:157 Yaxud, "Bizə də Kitab nazil edilsəydi, onlardan daha (çox) doğru yolda olardıq," da deyə bilməzsiniz. Sizə Rəbbinizdən bir dəlil (bəyyinə), bir hidayət və bir rəhmət gəlmişdir. Allahın ayələrini yalanlayıb ondan üz çevirəndən daha zalım kim ola bilər? Ayələrimizdən üz çevirənləri, üz çevirmələrinə görə əzabın ən pisiylə cəzalandıracağıq.
6:158 Özlərinə mələklərin gəlməsinimi, yoxsa Rəbbinin, yaxud Rəbbinin bəzi işarətlərinin gəlməsinimi gözləyirlər? Rəbbinin bəzi işarətləri gəldiyi gün, daha öncə iman etməmiş və ya imanında bir xeyir qazanmamış şəxsə bir fayda verməz. De ki: "Gözləyin, biz də gözləməkdəyik."
6:159 Dinlərini parçalara ayırıb qrup-qrup olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır; Sonra onlara vəziyyətlərini xəbər verəcəkdir.
6:160 Kim yaxşılıq gətirərsə, ona gətirdiyinin on qatı vardır. Kim pislik gətirərsə, ancaq gətirdiyinin misli ilə cəzalandırılar və onlara haqsızlıq edilməz.