بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
9:41 İstər yüngül, istərsə də ağır olaraq savaşa çıxın. Paralarınızla və canlarınızla Allah yolunda cihad edin! Bu sizin üçün daha yaxşıdır, bir bilsəydiniz.
9:42 Yaxın bir mənfəət və orta məsafədə bir yolçuluq (səfər) olsaydı, səni izləyəcəkdilər; ancaq çətinlik onlara ağır gəldi. Allaha and içəcəklər: "Gücümüz yetsəydi, sizinlə birlikdə çıxacaqdıq." Beləcə özlərini məhv edirlər. Allah onların yalançı olduqlarını bilir.
9:43 Allah səni əfv etdi: Doğrular və yalançılar sənə bəlli olmadan öncə nə üçün onlara izin verdin?
9:44 Allaha və Axirət gününə iman edənlər, paralarıyla və canlarıyla səy göstərməkdən (qaçmaq üçün) səndən izin istəməzlər. Allah müttəqiləri layiqincə tanıyır.
9:45 Ancaq Allaha və Axirət gününə iman etməyənlər səndən izin istəyər. Qəlbləri şübhə ilə doludur. Onlar şübhələri içində çaşbaş qalmaqdadırlar.
9:46 Savaşa çıxmaq istəsəydilər, onun üçün bir hazırlıq edərdilər. Fəqət Allah onların qatılmalarını istəmədi və onları ürəksiz və istəksiz etdi. Onlara, "Oturanlarla birlikdə oturun," deyildi.
9:47 Sizinlə çıxsaydılar, sizə yalnız qarışıqlıq qatardılar, aranıza fitnə və mübahisə salardılar. İçinizdə də onları dinləyənlər var. Allah zalımları çox yaxşı Bilir.
9:48 Daha öncə də qarışıqlıq çıxarmağı arzulamışdılar və sənə qarşı işlər/intriqalar çevirmişdilər. Nəhayət gerçək gəldi və Allahın qanunu, onlara rəğmən hakim oldu.
9:49 Onlardan bəziləri: "Mənə izin ver, məni sıxıntıya salma," deyir. Onlar, onsuz da, bu davranışlarıyla sıxıntının içinə düşmüşlər; halbuki cəhənnəm artıq kafirləri əhatə etmişdir.
9:50 Sənə bir yaxşılıq toxunsa onları üzər, sənə bir pislik toxunsa, "Biz öncədən tədbir almışdıq," deyərlər və sevinc içində dönüb gedərlər.
9:51 De ki: "Allahın bizim üçün yazdığından başqası bizə toxunmaz. Odur bizim mövlamız, sahibimiz. İman edənlər, Allaha güvənsinlər."
9:52 De ki: "Biz sizin üçün, Allahın, ya öz tərəfindən və ya bizim əlimizlə sizi cəzalandırmasını ümid edərkən, siz bizim üçün ancaq iki gözəldən birini (qazilik və ya şəhidlik) ümid edə bilərsiniz. Ümidlə gözləyin, biz də ümidlə gözləyirik.
9:53 De ki: "Yoxsullara istər könüllü, istərsəniz də könülsüz yardım edin; sizdən qəbul edilməyəcəkdir. Çünki siz yoldan çıxmış bir topluluqsunuz."
9:54 Yardımlarının qəbul edilməsinə əngəl sadəcə budur: Allahı və elçisini inkar etdilər, namaza ancaq tənbəlliklə yaxınlaşırlar və yardımları da istəksiz edərlər.
9:55 Onların paraları və övladları səni təsirə salmasın. Allah bunlarla, onları dünya həyatında cəzalandırmaq və canlarının inkarçı olaraq çıxmasını istəyir.
9:56 Sizinlə həmrəy olduqlarına dair Allaha and içərlər; halbuki sizdən deyillər, onlar ixtilaf (anlaşılmazlıq) yaradan bir topluluqdur.
9:57 Həqiqətən onlar, sığınacaq bir yer, mağaralar yaxud giriləcək bir dəlik tapsaydılar, panika içində oraya yönələrdilər.
9:58 Onların bir qismi, sədəqələrin bölünüb paylanması mövzusunda səni tənqid edir; özlərinə ondan verilincə razı olurlar. Ancaq ondan özlərinə verilməyincə qəzəblənirlər.
9:59 Onlar Allahın və elçisinin onlara verdikləri paya razı olmalı və "Allah bizə yetər. Allah elçisi yoluyla Öz lütfündən bizə verəcəkdir. Biz sadəcə Allahı arzulayırıq," deməliydilər.
9:60 Sədəqələr, Allahdan bir öhdəlik olaraq yalnız yoxsullara, gücsüzlərə (kasıblara), bu sahədə çalışan görəvlilərə, rəğbət bəsləyənlərə, kölələrin azadlığı üçün, borclulara, Allah yoluna və yolda qalmışlara verilməlidir. Allah Biləndir, Hikmət sahibidir.