بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
12:21 Onu Misirdə satınalan kişi, arvadına, "Ona yaxşı bax. Ola bilər ki, bizə faydası toxunar, ya da onu övladlığa götürərik." dedi. Beləcə Yusufu yer üzündə yerləşdirib ona yuxuların yozumunu öyrədirdik. Allah işində üstün gələndir; fəqət insanların çoxu bunu bilməz.
12:22 Böyüyüb yetkin çağına çatınca ona hikmət və bilgi verdik. Gözəl davrananları belə mükafatlandırırıq.
12:23 Evində olduğu qadın onu başdan çıxarmaq istədi, qapıları bağladı və: "Tamamilə sənə aidəm," dedi. Dedi ki: "Allaha sığınıram. O mənim rəbbimdir (ağamdır), (ona görə) ki mənə yaxşı bir yer verdi. Zalımlar uğur qazanmaz."
12:24 Qadın onu çox arzulamışdı, Rəbbinin işarətini görməsəydi o da onu çox arzulamışdı. Beləcə pislik və fənalığı ondan çevirdik. O, xalis qullarımızdandı.
12:25 Qapıya doğru qaçdılar. Qadın onun köynəyini arxadan çəkib cırdı. Qapının yanında qadının bəyi ilə qarşılaşdılar. Qadın: "Arvadına təcavüz etmək istəyən kişinin ya həbs edilməsi və ya ağrılı-acılı bir əzabla cəzalandırılması lazım deyilmi?" dedi.
12:26 Dedi ki: "Əslində sənin arvadın məni başdan çıxarmaq istədi." Ailədən bir şahid: "Köynəyi ön tərəfdən cırılmışsa qadın doğrunu söyləyir, o isə bir yalançıdır."
12:27 "Yox əgər köynəyi arxadan cırılmışsa, o zaman qadın yalançı, o doğru sözlüdür," deyə şahidlik etdi.
12:28 Köynəyinin arxadan cırıldığını görüncə: "Bu, siz qadınların planıdır. Planınız müdhişdir." dedi.
12:29 "Yusuf, sən bu hadisəni unut, sən də (ey qadınım) günahına görə bağışlanma dilə. Sən xəta işlədin."
12:30 Şəhərdə bir dəstə qadın: "Valinin arvadı xidmətçisini başdan çıxarmağa çalışır," dedilər, "Ona çılğıncasına aşiqdir. Onu açıq-aydın bir azğınlıq içində görürük."
12:31 Qadın, onların dedi-qodusunu eşidincə onları dəvət etdi. Onlar üçün komfortlu yerlər hazırladı. Hər birinə bir bıçaq verdi. (Qadınlar, meyvələrini soymaqla məşğul ikən Yusufa:) "Onların hüzuruna çıx!" dedi. Qadınlar onu görüncə, elə təsirləndilər ki, əllərini kəsdilər və: "Allah qorusun, bu bir insan deyil; bu ancaq əsl bir mələkdir," dedilər.
12:32 (Qadın:) "Bax siz məni bunun üçün günahlandırmışdınız. Onu başdan çıxarmaq istədim, ancaq (iffətini) qoruyub məni rədd etdi. Ona əmr etdiyimi etməzsə həbsxanaya atılacaq və alçaldılacaqdır," dedi.
12:33 (Yusuf:) "Rəbbim, həbsxana, onların məni çağırdığı şeydən daha yaxşıdır. Planlarını məndən dəf etməsən, onlara meyl edib cahillərdən olaram," dedi.
12:34 Rəbbi onun duasına cavab verdi və qadınların planlarını ondan dəf etdi. O, Eşidəndir, Biləndir!
12:35 Sonra (vali və adamları Yusufun günahsızlığına dair) dəlilləri görmələrinə rəğmən, onu müəyyən bir müddətə qədər həbsxanaya atmağı uyğun gördülər.
12:36 Onunla birlikdə həbsxanaya iki gənc adam da girdi. Onlardan biri: "(Yuxumda) özümü şərab düzəldərkən gördüm," dedi. Digəri: "Mən də özümü başımın üzərində çörək daşıyarkən gördüm, onu quşlar yeyirdi. Bunların yozumunu bizə bildir. Səni yaxşılardan görürük."
12:37 O dedi: “Sizə ayrılan həbsxana yeməyi əlinizə keçmədən öncə sizə onun yozumunu bildirə bilərəm. Bunlar, Rəbbimin mənə öyrətdiyi şeylərdəndir. Mən, Allaha iman etmiyən bir camaatın dinini tərk etmişəm, onlar axirət mövzusunda da inkarçıdırlar."
12:38 "Mən, atalarım İbrahim, İshaq və Yəqubun dininə tabe oldum. Allaha hər hansısa bir şeyi ortaq qoşmaq bizə yaraşmaz. Bu, Allahın bizə və insanlara olan lütfüdür. Ancaq insanların çoxu şükür etməz."
12:39 "Ey həbsxana yoldaşlarım, fərqli rəblərmi daha yaxşıdır, yoxsa Tək və hər şeyə Hakim olan Allahmı?"
12:40 "Ondan başqa qulluq/xidmət etdikləriniz, sizin və atalarınızın uydurduğu isimlərdən ibarətdir. Allah haqqında bir dəlil endirməmişdir. Hökm, ancaq Allahındır. Yalnızca Özünə qulluq etmənizi əmr etmişdir. Ən doğru din bax budur. Halbuki insanların çoxu bunu bilmir."