بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
2:281 Allaha döndəriləcəyiniz gündən çəkinin. Hər kəsə qazandığının qarşılığı haqsızlıq edilmədən ödənəcək.
2:282 Ey iman edənlər! Müəyyən bir müddət üçün bir-birinizə borc verdiyiniz zaman onu yazın. Sizdən bir katib onu ədalətlə yazsın. Katib, Allahın ona öyrətdiyi kimi yazmaqdan çəkinməsin, yazsın. Borc alan adam da diktə etdirsin. Rəbbi olan Allahdan qorxsun, onda saxtakarlıq etməsin. Borc alan adam ağıldan zəif və ya çarəsiz, ya da diktə etməkdən acizdirsə, vəlisi ədalətlə yazdırmalıdır. Aranızdakı kişilərdən iki nəfər şahid də şahidlik etsin. İki kişi şahid tapa bilməsəniz, istədiyiniz şahidlərdən bir kişi və iki qadın seçin ki, qadınlardan biri yanıldığında, digəri ona xatırlatsın. Şahidlər, (şahidlik etməyə) çağırıldıqları vaxt çəkinməsin. Az da olsa, çox da olsa, ödəniş tarixi ilə birlikdə onu yazmaqdan usanmayın. Bu, Allah qatında daha ədalətli, şahidlik baxımından daha sağlam və şübhəyə düşməməyiniz üçün daha münasibdir. Yalnız, ticarət peşin olarsa onu yazmamanızda heç bir problem yoxdur. Alış-veriş etdiyinizdə şahidləriniz olsun. Yazana da, şahidə də zərər verilməsin. Əks halda özünüzə pislik edərsiniz. Allahı dinləyin. Allah sizə öyrədir. Allah hər şeyi bilir.
2:283 Əgər səfərdə olsanız və katib tapa bilməsəniz, ödəməni qarantiyaya ala biləcək bir sənəd və ya girov göndərin. Bir-birinizə bu şəkildə güvənirsinizsə, sənədin sahibi ödəməni vaxtında etsin və Rəbbi olan Allaha hörmət etsin. Şahidliyi gizləməyin. Kim gizləyərsə qəlbi günahkardır. Allah bütün etdiklərinizi bilir.
2:284 Yerdə və göylərdə olanlar Allahındır. İçinizdəkini açıqlasanız da, gizləsəniz də Allah sizi ondan məsul tutar. İstədiyini bağışlayar, istədiyini cəzalandırar. Allah hər şeyə gücü yetəndir.
2:285 Elçi, Rəbbindən ona nazil edilənə iman etdi, iman edənlər də... Hamısı, Allaha, mələklərinə, kitablarına və elçilərinə iman edirlər: "Elçilərinin arasında heç bir fərq qoymarıq.” Deyərlər ki: "Eşitdik və tabe olduq. Rəbbimiz bizi bağışla; dönüş Sənədir."
2:286 Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyər. Hər kəsin qazandığı yaxşılıq öz xeyrinə, qazandığı pislik isə öz zərərinədir. “Rəbbimiz, unudar yaxud yanılarıqsa bizi məsul tutma! Rəbbimiz, bizdən öncəkilərə yüklədiyin kimi bizə ağır öhdəliklər yükləmə! Rəbbimiz, gücümüzün çatmayacağı şeyləri bizə yüklətmə! Bizi xoş qarşıla, bizi bağışla və bizə rəhm et! Sənsən bizim Mövlamız (Sahibimiz və Hökmdarımız)! İnkar edən topluluqlara qarşı bizə yardım et!”