بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
3:3 Sənə bu kitabı, özündən öncəkiləri təsdiqləyici olaraq gerçəklə nazil etdi. Tövratı və İncili də nazil etdi.
3:4 Bundan öncə insanlara yol göstərən olaraq, Qanunlar kitabını nazil etdi. Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah Üstündür, Öc Alandır.
3:6 Bətnlərdə sizə istədiyi şəkildə surət verən Odur. Ondan başqa tanrı yoxdur, Üstündür, Hikmət Sahibidir.
3:7 O ki sənə bu kitabı nazil etdi. Onun bəzi ayələri açıq anlamlıdır (möhkəm) ki, bunlar kitabın özüdür. Digərləri də bənzər anlamlıdır (mütəşabeh). Qəlblərində xəstəlik olanlar, insanları çaşdırmaq və fərqli anlam vermək üçün bənzər anlamlı olanlarının ardına düşərlər. Onların gerçək anlamını isə kimsə bilməz, ancaq istisnadır Allah və dərin biliyə sahib olanlar "Ona iman etdik, hamısı Rəbbimizin qatındandır", deyərlər. Ağıl və anlayış sahiblərindən başqası öyüd almaz.
3:8 "Rəbbimiz, bizi doğruya yetişdirdikdən sonra qəlblərimizin əyrilməsinə imkan vermə. Üzərimizə rəhmətini yağdır; şübhəsiz Sən Bəxşedənsən."
3:9 "Rəbbimiz, gerçəkləşməsinə şübhə olmayan gündə insanları toplayacaq olan Sənsən." Allah sözündən dönməz.
3:10 İnkar edənlərin nə paraları (pulları), nə də övladları Allaha qarşı onlara heç bir fayda verməyəcəkdir. Onlar atəşin yanacağıdır.
3:11 Fironun xalqı və ya onlardan öncəkilərin vəziyyəti kimi... Ayələrimizi (vəhy və möcüzələrimizi) yalan hesab etdilər və Allah da onları suç üstündə yaxaladı. Allahın cəzalandırması şiddətlidir.
3:12 İnkar edənlərə bunu söylə: “Məğlub ediləcək və cəhənnəmə sürüklənəcəksiniz." Necə də pis bir məskəndir.
3:13 Qarşılaşan iki orduda sizin üçün bir dərs var. Ordulardan biri Allah yolunda savaşarkən, digəri də inkarçı idi. Onları (iman edənləri), gözləri ilə özlərinin iki qatı olaraq görürdülər. Allah istədiyini zəfərlə dəstəkləyər. Bunda fikir sahibləri üçün bir ibrət vardır.
3:14 Qadınları, uşaqları, yığın-yığın qızılı - gümüşü, təlim görmüş atları, mal-qaranı və əkin yerlərini sevmək kimi zövqlər insanlara cazibədar görünür. Bunlar, dünya həyatının nemətləridir. Halbuki gediləcək ən gözəl yer Allah qatındadır.
3:15 De ki: “Bundan daha yaxşısını sizə xəbər verimmi? Müttəqilər üçün Rəblərinin yanında ağacları altından çaylar axan, içində sonsuzadək qalacaqları cənnətlər (bağçalar), tərtəmiz zövcələr və Allahın razılığını qazanmaqdan ötrü xoşbəxtlik vardır”. Allah qullarını görür.
3:16 Onlar ki: “Rəbbimiz, biz iman etdik, günahlarımızı bağışla və bizi cəhənnəm əzabından qoru!”– deyərlər.
3:17 Onlar səbr edənlərdir, doğru sözlülərdir, könüldən təslim olanlardır, insanlara yardım edənlər və səhərlər də bağışlanma diləyənlərdir.
3:18 Allah, Özündən başqa tanrı olmadığına şəhadət edər; mələklər və ədaləti qoruyan elm sahibləri də... Ondan başqa tanrı yoxdur, Üstündür, Hikmət Sahibidir.
3:19 Allah tərəfindən təsdiqlənən tək din , Təslim Olmaqdır (İslamdır). Kitab verilmiş olanlar, özlərinə bilik gəldikdən sonra sırf aralarındakı qısqanclıq üzündən anlaşmazlığa düşdülər. Allahın ayələrini inkar edənlər üçün Allah haqq-hesabı tez çəkər.
3:20 Səninlə mübahisə edərlərsə, “Mən və ardımca gələnlər özümüzü Allaha təslim etdik," - de. Kitab verilənlərə və kitab verilməyənlərə (ümmilərə): “Təslim oldunuzmu?” - de. Təslim olarlarsa, doğrunu taparlar. Üz çevirərlərsə, görəvin sadəcə eşitdirməkdir. Allah qulları görür.