بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
2:101 Yanlarındakını təsdiqləyən bir elçi Allah tərəfindən görəvli olaraq onlara gəlincə, kitab verilənlərin bəzisi, Allahın kitabına arxa çevirdilər. Bilmirlərmiş kimi...
2:102 Süleymanın hökmranlığı haqqında şeytanların anlatdığına tabe oldular. Halbuki Süleyman inkar etmədi; insanlara sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı öyrədən şeytanlar inkar etmişdi. Bu ikisi: “Bu bir sınaqdır, (bu biliyi pislik etmək üçün istifadə edib) nankor olmayın!”– deməmiş kimsəyə onu öyrətməzdilər. Fəqət o ikisindən öyrəndiklərini, ər ilə arvadı bir-birindən ayırmaq üçün istifadə etdilər. Halbuki Allahın izni olmadan onlar heç kimsəyə bir zərər verə bilməzdi. Özlərinə fayda verəni deyil, zərər verəni öyrənirdilər. Üstəlik, ona müştəri olanların axirətdə bir payının olmadığını da yaxşı bilirdilər. Qarşılığında şəxsiyyətlərini satdıqları şey necədə pisdir. Bir bilsəydilər!
2:103 Onlar iman edib günahlardan çəkinmiş olsaydılar, əlbəttə Allahdan alacaqları mükafat (onlar üçün) daha xeyirli olardı. Bir bilsəydilər!
2:104 Ey iman edənlər! “Raina (Bizə çobanlıq et),”– deməyin; “Unzurna (Bizə nəzər yetir)”– deyin və (Allahın əmrini) dinləyin! İnkarçılar üçün ağrılı-acılı bir əzab var.
2:105 Kitab əhlinin inkarçıları da, bütpərəstlər də Rəbbinizdən sizə bir yaxşılıq nazil edilməsini istəməz. Rəhmətini istədiyinə məxsus edər. Allah böyük lütf sahibidir.
2:106 Daha yaxşısını və ya bənzərini gətirmədikcə bir möcüzə və ya şəriətin (sistemin) keçərliliyini ortadan qaldırmarıq və ya unutdurmarıq. Allahın hər şeyə gücünün yetdiyini bilmirsiniz?
2:107 Göylərin və yerin hökmranlığının Allaha aid olduğunu bilmirsənmi? Sizin Allahdan başqa Sahibiniz və Yardımçınız yoxdur.
2:108 Daha öncə Musadan tələb edildiyi kimi, siz də elçinizdən bir şeylərmi tələb etməyi arzulayırsınız? Kim imanı inkar ilə dəyişdirərsə o doğru yolu itirmişdir.
2:109 Kitab əhlinin bir çoxu, gerçək onlara bəlli olduğu halda, özlərindəki qısqanclıqdan ötrü sizi imanınızdan sonra inkara döndərməyi arzulayarlar. Allah əmrini gətirincəyə qədər onları əfv edin, görməməzlikdən gəlin. Allah hər şeyə gücü yetəndir.
2:110 Namazı qoruyun, zəkatı verin! Özünüz üçün edib göndərdiyiniz hər yaxşılığı, əlbəttə Allah qatında görəcəksiniz. Allah etdiyiniz hər şeyi görür.
2:111 “Yəhudi və ya Xristianlardan başqası cənnətə daxil ola bilməz!" - dedilər. Bu, onların boş və əsassız sözləridir. De ki: "Doğru sözlülərsinizsə dəlilinizi gətirin."
2:112 Doğrusu, kim yaxşılıq edərək özünü Allaha təslim edərsə, onun mükafatı Rəbbinin yanındadır; onlara qorxu yoxdur və onlar üzülməyəcəkdir.
2:113 Yəhudilər: “Xristianların bir təməli yoxdur," deyərkən, Xristianlar da: "Yəhudilərin bir təməli yoxdur," dedilər. Halbuki hamısı da kitabı oxuyurlar. Cahillər də eyni onlar kimi danışır. Dirilmə günü Allah ayrılığa düşdükləri mövzularda aralarında hökm verəcəkdir.
2:114 Allahın məscidlərində Onun isminin xatırlanmasına mane olan və oraların dağıdılması üçün çalışan kimsədən daha pis kim ola bilər? Halbuki onların oralara ancaq qorxaraq daxil olmaları lazımdır. Onlar üçün dünyada rəzillik, axirətdə də böyük əzab var.
2:115 Məşriq də, məğrib də Allahındır! Haraya yönələrsəniz, Allahın Üzü oradadır. Allah hər şeyi əhatəedən və hər şeyi biləndir.
2:116 “Allah Özünə övlad götürmüşdür!” - dedilər. Qətiyyən (elə deyil), O Ucadır. Göylərdə və yerdə olanların hamısı Onundur, hamısı Ona boyun əyməkdədir.
2:117 Göyləri və yeri yoxdan icad edəndir. Bir işin olmasını istəyərsə, ona sadəcə: “Ol!”– deyər və olar.
2:118 Cahillər: “Allah bizimlə danışmalı və ya bizə bir ayə (möcüzə) gəlməli deyildimi?” dedilər. Daha öncəkilər də onlar kimi danışmışdılar. (Onların) başları bir-birinə bənzəyir. Biz möcüzələri, iman edənlərə sərgiləyərik.
2:119 Biz səni, gerçəklə, müjdələyən və xəbərdarlıq edən olaraq göndərdik. Cəhənnəm əhlinə sən cavadeh deyilsən.
2:120 Dinlərinə daxil olmadıqca nə Yəhudilər, nə də Xristianlar səndən razı olmazlar. De ki: "Doğru yol Allahın yoludur." Sənə gələn bilgidən sonra onların arzularına uymuş olsan, Allaha qarşı səni müdafiə edə biləcək nə bir dost, nə də bir dəstəkləyici tapa bilməzsən.