بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
2:181 Kim eşitdikdən sonra onu dəyişdirərsə, günahı onu dəyişdirənlərin üzərinədir. Allah Eşidəndir, Biləndir.
2:182 Vəsiyyət edənin yanlışlıq və ya haqsız bir bölgü edəcəyini sezən birisi hadisəyə qarışıb vəziyyəti düzəldərsə günah işləmiş olmaz. Allah Bağışlayandır, Rəhmlidir.
2:183 Ey iman edənlər! Sizdən öncəkilərə oruc vacib edildiyi kimi, çəkinməyiniz üçün sizə də vacib edildi.
2:184 Müəyyən günlərdə... Xəstə olanlarınız və ya səfərdə olanlarınız tutmadığı günlərin sayı qədər digər günlərdə tutar. İmkanı olanlar bir yoxsulu doyuraraq nəzir (ehsan) versinlər. Kim könül istəyi ilə (daha çox yoxsulu doyurmaq üçün) yaxşılıq edərsə özü üçün daha yaxşıdır; ancaq oruc tutmağınız sizin üçün ən yaxşısıdır, bir bilsəniz!
2:185 Ramazan, insanlara yol göstərici, açıq-aşkar bir təlim və qanun kitabı olan Quranın nazil edildiyi aydır. Kim o aya yetişərsə, oruc tutsun. Xəstə və ya yolçu olanlarınız, tutmadığı günlərin sayı qədər, digər günlərdə oruc tutar. Allah sizin üçün asanlıq istəyər, çətinlik istəməz. Beləcə (oruc günlərinin) sayını tamamlayar, sizi doğruya yetişdirən Allahı ucaldıb şükür edərsiniz.
2:186 Qullarım Məni səndən soruşarlarsa, bilsinlər ki, Mən yaxınam. Məni çağırdığı vaxt çağıranın çağırışına qarşılıq verirəm. Doğru yolu tapa bilmələri üçün onlar da Mənə qarşılıq verməli və Mənə iman etməlidir.
2:187 Oruc gecələrində qadınlarınızla cinsi əlaqədə olmağınız sizə halal edildi. Onlar sizin (sirlərinizi gizləyən) örtükləriniz, siz də onların örtüklərisiniz. Allah, özünüzü aldadıb inandırdığınızı bildi, tövbənizi qəbul etdi və sizi bağışladı. Artıq Allahın sizin üçün müəyyən etdiyini diləyərək onlarla cinsi əlaqədə ola bilərsiniz. Şəfəqin ağ və qara ipliyini bir-birindən ayırd edincəyə qədər yeyin-için. Sonra gecəyə qədər orucu tamamlayın. Məscidlərdə etikafda olduğunuz zaman onlarla cinsi əlaqədə olmayın. Bunlar Allahın qoyduğu hüdudlardır; onları pozmayın! Allah, insanların qorunmaları üçün ayələrini bu cür açıqlayır.
2:188 Paralarınızı (pullarınızı) öz aranızda haqsız yollarla yeməyin. İnsanların parasını (pulunu) haqsız yerə yemək məqsədi ilə bilə-bilə məmurlara/yönəticilərə rüşvət verməyin.
2:189 Səndən ayın mərhələlərini (hilalı) soruşurlar. De ki o, insanlar və həcc ibadəti üçün bir vaxt ölçüsüdür. Yaxşılıq, sözü gəzdirmək deyildir, yaxşılıq ehtiyat etməkdir. Dürüst olun. Qurtuluşunuz üçün Allahı dinləyin.
2:190 Sizinlə savaşanlarla Allah yolunda savaşın. Təcavüzkar olmayın. Allah təcavüzkarları sevməz.
2:191 Onlarla qarşılaşdığınız yerdə onlarla savaşın və sizi çıxardıqları yerdən onları çıxardın; zülm və işgəncə öldürməkdən betərdir. Müqəddəs Məscidin yanında sizinlə savaşmadıqca onlarla savaşmayın. Sizə hücum edərlərsə, siz də onlara hücum edin. İnkar edənlərin cəzası belədir.
2:193 Zülm və işgəncə ortadan qalxıncaya və din Allah üçün oluncaya qədər onlarla savaşın. Son qoyarlarsa, artıq zalımlardan başqasına düşmənçilik yoxdur.
2:194 Müqəddəs (haram) ay ancaq iki tərəfli qoruna bilər. Atəşkəsə riayət etmək qarşılıqlıdır. Sizə hücum edərlərsə onlara eyni şəkildə hücum edin. Allahı dinləyin və bilin ki, Allah müttəqilərin yanındadır.
2:195 Allah yolunda xərcləyin, öz-özünüzü zərərə salmayın. Yaxşılıq edin. Allah yaxşılıq edənləri sevər.
2:196 Həcc və ümrəni Allah üçün tam yerinə yetirin. Sizə əngəl törədərlərsə müyəssər bir qurban göndərin. Qurban, yerinə yetişincəyə qədər başınızı qırxmayın; ancaq xəstə olan və ya başında bir narahatçılığı olanlar, oruc, sədəqə və ya hər hansısa bir ibadətlə fidyə verməlidir. Güvən ortamında, hər kim Həcc zamanına qədər (ehramdan çıxaraq) ümrədən yararlanarsa, müyəssər bir qurban göndərməlidir. Bunu yerinə yetirə bilməyənlər, həcc əsnasında üç gün və (vətəninə) döndükdən sonra da yeddi gün olmaq üzrə toplam on gün oruc tutmalıdır. Bu, ailəsi Müqəddəs Məscid (Kəbə) ətrafında yaşamayanlar üçündür. Allahı dinləyin və bilin ki, Allahın əzabı çətindir.
2:197 Həcc, bilinən aylarda yerinə yetirilməlidir. Kim o aylarda həccə qərar vermişsə, bilsin ki, həcdə cinsi əlaqə, pislik etmək, mübahisə etmək yoxdur. Etdiyiniz hər yaxşılığı Allah bilir. Yol üçün azuqənizi hazırlayarkən, ən xeyirli azuqənin müttəqilik olduğunu unutmayın. Dərrakə sahibləri! Məni dinləyin.
2:198 Rəbbinizin lütfünü (həcc bölgəsində ticarət edərək) axtarmağınızda qəbahət yoxdur. Ərafatdan ayrıldığınızda Müqəddəs Bölgədə Allahı xatırlayın. Sizi doğru yola yönəltdiyi üçün Onu xatırlayın; bundan öncə siz yolunuzu azmışdınız.
2:199 Sonra, insanların toplu şəkildə yayıldığı yerdən siz də yayılın, Allahdan bağışlanma diləyin. Allah Bağışlayandır, Rəhmlidir.
2:200 Mərasiminizi bitirdiyiniz zaman, atalarınızı xatırladığınız kimi, hətta daha güclü olaraq Allahı xatırlamağa davam edin. İnsanlardan bəzisi: “Rəbbimiz, bizə bu dünyada ver,” deyər; onun axirətdən bir payı olmaz.