بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
2:261 Paralarını (pullarını) Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istəyənə qat-qat artıraraq verir. Allah Comərddir, Biləndir.
2:262 Paralarını (pullarını) Allah yolunda xərclədikdən sonra yaxşılıqlarını minnət qoyub əziyyət etməyənlər üçün Rəbləri qatında mükafatları vardır. Onlara qorxu və üzüntü yoxdur.
2:263 Gözəl bir söz və xoş rəftar, ardından qürur qırıcı davranışlar gətirən bir yardımdan daha xeyirlidir. Allah Zəngindir, Şəfqətlidir.
2:264 Ey iman edənlər! Allaha və Axirət gününə iman etmədiyi halda insanlara göstəriş üçün yardım edən şəxs kimi yardımlarınızı minnət qoymaqla və əziyyət etməklə boşa çıxarmayın. Bu cür davranışın örnəyi, üzərində toz-torpaq yığılan bir qayaya bənzəyir ki, şiddətli bir yağış onu çılpaq buraxar. Etdiklərindən heç bir şey qazana bilməzlər. Allah inkarçı camaatı doğruya yönəltməz.
2:265 Allahın razılığını qazanmaq istədikləri və buna razı olduqları üçün paralarını (pullarını) xərcləyənlərin örnəyi, bol yağmur aldığında iki qat məhsul verən, bol yağmur almasa belə narın yağışla kifayətlənən yüksək məhsullu bir bağça örnəyi kimidir. Allah etdiklərinizi görməkdədir.
2:266 Biriniz istəyərmi ki, altından çaylar axan, hər növ meyvədən ibarət xurma və üzüm bağçalarına və qayğıya möhtac övladlara sahib olsun sonra, ona qocalıq, bağçasına da atəşli bir qasırğa düşüb yandırıb kül etsin. Düşünməyiniz üçün Allah sizə ayələrini bu cür açıqlayır.
2:267 Ey iman edənlər! Qazandıqlarınızdan və sizin üçün yerdən çıxartdığımız nemətlərdən yardım olaraq verin. Sizə verilsə, ancaq gözünüz qapalı olaraq qəbul edə biləcəyiniz pis mallarınızı yardım olaraq verməyə çalışmayın. Bilin ki, Allah Zəngindir, Tərifə layiqdir.
2:268 Şeytan sizə fəqirliyi söz verir və pisliyi əmr edir. Allah isə Öz tərəfindən sizin üçün bağışlanma və lütf söz verir. Allah Comərddir, Biləndir.
2:269 Hikməti istədiyinə verir. Kimə hikmət verilmişsə ona çox böyük yaxşılıq edilmişdir. Düşüncə sahiblərindən başqası öyüd almaz.
2:270 Allah etdiyiniz hər iqtisadi yardımı, verdiyiniz hər nəziri bilir. Zalımların yardımçısı yoxdur.
2:271 Yardımlarınızı açıqlasanız, nə gözəl. Ancaq onları gizləyərək möhtaclara versəniz daha yaxşıdır və bu bəzi günahlarınızı örtər. Allah etdiyinizi xəbər alır.
2:272 Onları doğruya yönəltmək sənə aid deyildir. Ancaq Allah istədiyini doğruya yönəldir. Möhtaclara etdiyiniz hər yaxşılıq özünüz üçün faydalıdır. Yardımlarınız yalnız Allah üçün olmalıdır. Etdiyiniz hər yaxşılığın qarşılığı sizə tam ödənəcəkdir. Haqsızlığa uğradılmayacaqsınız.
2:273 (Yardımı), Allah yolundakı çalışmasından ötrü sərbəstlikləri məhdudlaşdırılaraq, köç etmə imkanından məhrum edilmiş ehtiyac sahiblərinə verin. Onları tanımayanlar, qürürlü rəftarlarına görə onları zəngin sanır. Onları üzlərindən tanıyarsan. İnsanlardan yardım dilənməzlər. Etdiyiniz hər yaxşılığı Allah bilir.
2:274 Paralarını (pullarını) gecə və gündüz, gizli və aşkar yardım üçün verənlərin mükafatı Rəblərinin yanındadır. Onlara qorxu yoxdur və onlar üzülməzlər.
2:275 Sələm (riba) yolu ilə para (pul) yeyənlər, şeytanın çarpdığı kimsə kimi ayağa qalxarlar. Bu, onların, “Sələm (riba) alış-veriş kimidir,”– demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmçiliyi (ribanı) isə haram etdi. Kimə Rəbbindən bir öyüd gələndən sonra vaz keçərsə, keçmişdə qazandıqlarını saxlaya bilər; işi də Allaha qalmışdır. Davam edənlər isə cəhənnəm xalqıdır və orada sürəkli qalarlar.
2:276 Allah sələmi məhkum edər, qarşılıqsız yardımı dəstəkləyər. Allah heç bir günahkar nankoru sevməz.
2:277 İman edib müttəqi bir həyat sürərək namazı qoruyanların və zəkatı verənlərin mükafatları Rəbləri qatındadır. Onlar üçün qorxu yoxdur və onlar üzülməzlər.
2:278 Ey iman edənlər! Gerçəkdən iman edirsinizsə Allahı dinləyin və hər növ sələmdən (ribadan) qalan qalığı tərk edin.
2:279 Bu cür etməsəniz, Allahdan və Elçisindən bir savaş gözləyin. Tövbə edərsəniz, sərmayəniz yenə sizindir. Nə haqsızlıq edin, nə də haqsızlığa uğrayın.
2:280 (Borclu) sıxıntı içindədirsə, bir asanlığa çıxana qədər gözləmək lazımdır. Borcu qarşılıqsız yardım olaraq bağışlaya bilsəniz, sizin üçün daha yaxşıdır, bir bilsəniz.