بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
2:61 Fəqət siz, “Musa! Biz eyni cür yeməklərə dözə bilməyəcəyik. Rəbbini bizim üçün çağır, bizə lobya, qabaq, sarımsaq, mərcimək, soğan kimi torpağın bitirdiyindən yetişdirsin," demişdiniz ki: "Yaxşı olanı daha aşağı olanlamı dəyişdirmək istəyirsiniz? İstəyirsinizsə Misirə geri dönün, orada axtardığınızı tapa bilərsiniz!" demişdi. Beləcə alçaqlıq və yoxsulluğa məhkum edildilər və Allahın qəzəbinə məruz qaldılar. Çünki onlar Allahın ayələrinə qarşı sürəkli nankorca davranırlar, peyğəmbərləri haqsız yerə öldürürdülər. Çünki onlar, qarşı gəlib həddi aşırdılar.
2:62 İman edənlər, Yəhudilər, digər dinlərdən olanlar və Xristianlardan kim Allaha və Axirət gününə iman edər və muttəqi bir həyat sürərsə, mükafatı Rəblərinin yanındadır. Onlara qorxu yoxdur və onlar üzülməzlər.
2:63 Sina dağını üzərinizə qaldıraraq bir zamanlar sizdən söz almışdıq: “Sizə verdiyimizə qüvvətlə sarılın, içindəkiləri xatırlayın ki, qorunasınız,” demişdik.
2:64 Fəqət bundan sonra da üz çevirdiniz. Allahın sizə bol neməti və mərhəməti olmasaydı ziyana uğrayardınız.
2:65 Sizdən şənbə günü qadağasını pozanları əlbəttə bilirsiniz. Onlara, "Mənfur meymunlar olun," dedik.
2:66 Biz bunu onlarla bir dövrdə olanlar və onlardan sonra gələnlər üçün ibrət, müttəqilər üçün isə öyüd-nəsihət etdik.
2:67 Bir zaman Musa öz xalqına: “Allah sizə bir düyə kəsmənizi əmr edir!” demişdi. (Onlar:) “Sən bizi məsxərəyə qoyursan?”– deyincə, (Musa:) "Cahil kimi davranmaqdan Allaha sığınıram!”– dedi.
2:68 “Bizim üçün Rəbbini çağır ki, onun nə cür olduğunu bizə açıqlasın!” dedilər. "O deyir ki, o, nə çox qoca, nə də çox cavan, ikisinin ortasında bir düyədir. Sizə əmr ediləni edin," dedi.
2:69 "Bizim üçün Rəbbini çağır ki, onun rəngini də açıqlasın,” dedilər. (Musa) dedi ki: "O deyir ki, o rəngi parlaq sarı bir düyədir. Görənlərin xoşuna gələr."
2:70 "Bizim üçün Rəbbini çağır ki, onun nə cür olduğunu bizə daha da açıqlasın. Çünki düyələr bizə görə bir-birinə bənzəyir. Allah istəyərsə, yolu taparıq," dedilər.
2:71 “O deyir ki, o düyə, yeri şumlayaraq, əkini sulayaraq boyunduruq altında əzilməmiş, qüsursuz, ləkəsiz bir düyədir,” dedi. “Bax indi gerçəyi gətirdin!”– deyərək nəhayət düyəni kəsdilər, az qalsın bunu etməyəcəkdilər.
2:72 Bir vaxt bir nəfəri öldürmüş və günahı bir-birinizin üstünə atmışdınız. Halbuki Allah gizlədiklərinizi aşkara çıxaracaqdı.
2:73 “(Düyənin) bir parçasıyla ona (öldürülənə) vurun!” dedik. Bax, Allah ölüləri bu cür dirildir və düşünəsiniz deyə ayələrini (möcüzələrini) bu cür göstərir.
2:74 Bütün bunlara rəğmən yenə qəlbləriniz qatılaşdı; daş kimi, hətta daha qatı. Çünki elə daşlar var ki, ondan çaylar fışqırır. Bəziləri yarılır, bağrından su çıxarır. Bəziləri isə Allaha olan hörmətdən gizlənər. Allah etdiklərinizdən xəbərsiz deyildir.
2:75 Onların sizə inanacaqlarınımı sanırsınız? Halbuki onların bir qismi, Allahın Sözünü eşidib qavradıqdan sonra, bilə-bilə onu dəyişdirirdilər.
2:76 İman edənlərlə qarşılaşınca, “İman etdik!”– deyərlər; baş-başa qaldıqlarında isə: “Rəbbiniz qatında sizə qarşı dəlil olaraq istifadə etmələri üçün, Allahın sizə açıqladığınımı onlara anladırsınız, məgər dərk etmirsiniz?”– deyərlər.
2:77 Bilmirlərmi ki, Allah bilir, gizli saxladıqları və aşkara çıxardıqları hər şeyi?
2:78 Aralarında ümmilər var ki, boş şeylərə və (ağızdan-ağıza) eşitdiklərindən başqa kitabı bilməzlər; bildiklərini zənn edərlər.
2:79 Kitabı əlləri ilə yazdıqdan sonra onu ucuz bir qiymətə satmaq üçün onun Allahdan olduğunu söyləyənlərin vay halına. Əllərinin yazdığından ötrü vay halına onların. Qazandıqlarından ötrü vay halına onların!
2:80 "Bir neçə gündən başqa atəş bizə dəyməyəcək," dedilər. De ki: "Allahdan belə bir sözmü aldınız? Allah verdiyi sözdən dönməz, yoxsa Allaha aid edərək bilmədiyiniz bir şeyimi söyləyirsiniz?"