بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
2:81 Bəli, günah işləyib xətası özünü bürüyən kimsələr atəş əhlidir; orada sürəkli qalarlar.
2:82 İman edib müttəqi bir həyat yaşayanlara gəlincə, onlar cənnət əhlidir. Onlar orada əbədi qalıcıdırlar.
2:83 İsrail oğullarından bu cür söz almışdıq: “Allahdan başqasına qulluq/xidmət etməyəcəksiniz, anaya, ataya, yaxınlara, yetimlərə və yoxsullara yaxşılıq edəcəksiniz. İnsanlarla dost kimi danışacaqsınız. Namazı qoruyacaq və zəkatı verəcəksiniz!” Fəqət bundan sonra az bir qisminiz istisna olmaqla, üz çevirib döndünüz.
2:84 “Bir-birinizin qanını tökməyəcəksiniz və bir-birinizi yurdlarınızdan çıxarmayacaqsınız!”– deyə də sizdən söz almışdıq. Bunu qəbul etmiş və şahid olmuşdunuz.
2:85 Bütün bunlardan sonra, siz hələ də bir-birinizi öldürür, aranızdan bir qrupu yurdlarından çıxarır, pislik və düşmənçilik etməkdə onlara qarşı birləşirsiniz. Onları yurdlarından çıxarmanız sizə haram edildiyi halda, bu yetməyirmiş kimi sizə əsir düşdüklərində də, bir də onlardan fidyə istəyirsiniz. Yoxsa siz Kitabın bir qisminə iman edib, bir qismini inkarmı edirsiniz? Bu cür davrananların cəzası dünya həyatında rəzil olmaq, Dirilmə günündə də əzabın ən şiddətlisinə uğradılmaqdan başqa nə ola bilər? Allah etdiklərinizdən qafil (bixəbər) deyildir.
2:86 Onlar axirət qarşılığında dünya həyatını satın alan kimsələrdir. Buna görə də əzabları yüngülləşdirilməz və onlara yardım edilməz.
2:87 Musaya Kitabı verdik və ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Məryəm oğlu İsaya da açıq-aşkar dəlillər verdik və onu Müqəddəs Ruh ilə dəstəklədik. Məgər bir elçi sizə xoşlamadığınız bir şey gətirdikdə təkəbbür göstərmədinizmi? Necə ki, (onların) bir qismini yalançı hesab etdiniz və bir qismini də öldürdünüz.
2:88 Hətta: “Sabit fikirliyik,” dedilər. Halbuki, inkarlarına görə Allah onları lənətləmişdi. Buna görə, onların çox azı iman edir.
2:89 İnkarçılara qarşı yardım gözləmələrinə rəğmən, onlara Allah qatından yanlarında olanı təsdiqləyən bir Kitab, bu gözlədikləri şey, onlara gəlincə onu inkar etdilər. Allahın lənəti, inkar edənlərə olsun!
2:90 Allahın, lütfünü qullarından istədiyinə endirməsini qısqanaraq Allahın nazil etdiyini inkar etmək üçün şəxsiyyətlərini satmaları necə də pisdir. Beləcə üst-üstə qəzəbə düçar oldular. Kafirlərə alçaldıcı bir əzab var.
2:91 Onlara, “Allahın nazil etdiyinə iman edin!”– deyildiyində, (onlar:) “Biz özümüzə nazil edilənə iman edirik”– deyərək ondan sonra gələni inkar edərlər. Halbuki bu, yanlarında olanı təsdiqləyən gerçəkdir. De: “İman etmişdinizsə, nə üçün daha öncə Allahın peyğəmbərlərini öldürürdünüz?”
2:92 Musa, sizə möcüzələrlə gəlmişdi; fəqət onun ardından buzovu tanrı qəbul edərək zalımlardan oldunuz.
2:93 Bir vaxt üzərinizə Tur dağını qaldırıb sizdən söz almışdıq: “Sizə verdiyim əmrlərə möhkəmcə sarılın və dinləyin!” Fəqət “Dinlədik və qarşı gəldik,” - dedilər. İnkar etmələrinə görə qəlbləri buzov ilə aldandı. De ki: “İman etmişsinizsə, inancınız sizə necə də pis yön verir!”
2:94 De ki: “İddia etdiyiniz kimi, Axirət yurdu Allah tərəfindən heç kimsəyə deyil, sadəcə sizin üçün ayrılmışsa və bunu (iddia etdiyinizi) müdafiə etməkdə səmimisinizsə onda ölümü istəyin!”
2:95 Əllərinin etdiklərinə (əməllərinə) görə bunu əsla istəməyəcəklər. Allah zalımları bilir.
2:96 Onları, yaşamağa ən həris insanlar olaraq görəcəksən; hətta bütpəstlərdən artıq... Onlardan hər biri min il yaşamaq istəyər. Halbuki, uzun yaşaması onu əzabdan uzaqlaşdırmaz. Allah etdiklərini görəndir.
2:97 Bunu de: “Özündən öncəkiləri təsdiqləyici, iman edənlərə yol göstərici və müjdə olaraq Allahın izni ilə bunu qəlbinə nazil edən Cəbrailə hər kim düşmən olarsa,
2:98 "Bəli, Allaha, mələklərinə və elçilərinə, Cəbrailə və Mikailə kim düşmən olarsa, bilsin ki, Allah da kafirlərin düşmənidir."
2:99 Sənə açıq-aşkar ayələr nazil etdik. Yoldan çıxanlardan başqası onları inkar etməz.
2:100 Hər nə vaxt bir razılığa gəldilərsə onlardan bir qrup onu pozub atmadımı? Onsuz da onların çoxu iman etməz.