بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
39:21 Görmürsənmi ki, Allah göydən bir su endirər və onu yer üzündəki qaynaqlara keçirər və sonra onunla müxtəlif rənglərdə bitkilər çıxarar. Sonra o quruyar və onu saralmış görərsən. Sonra da onu çör-çöpə çevirər. Bunda ağıl sahibləri üçün öyüd vardır.
39:22 Allah kimin köksünü İslama açarsa, o Rəbbindən bir nur üzərindədir. Allahın mesajına qarşı qəlbləri qatılaşanların vay halına. Onlar açıq-aydın bir azğınlıqdadır.
39:23 Allah sözün ən gözəlini endirdi, tutarlı və ikişərli bir kitab halında. Rəblərinə sayğı göstərənlərin dəriləri ondan dolayı ürpərər. Sonra dəriləri və qəlbləri Allahın mesajına qarşı yumşalar. Bu, Allahın yol göstərməsidir; istədiyini və/və ya istəyəni ona yetişdirər. Allahın azdırdığı bir kimsəyə rəhbər tapılmaz.
39:24 Dirilmə Gününün əzabından üzünü qoruyan kimsə kimisi vardırmı? Zalımlara, "Qazandığınızın nəticəsini dadın," deyilər.
39:25 Onlardan öncəkilər də yalanladılar və cəza, onların gözləmədikləri bir yerdən gəlmişdi.
39:26 Allah onlara dünya həyatında rəzilliyi daddırdı. Axirət cəzası isə daha böyükdür. Bir bilsəydilər.
39:29 Allah, ziddiyyətli ortaqlara sahib olan bir adam ilə, tək bir nəfərə bağlı olan adamın örnəyini verir. Bu ikisinin vəziyyəti heç eyni ola bilərmi? Tərif Allahadır. Ancaq çoxları bilməz.
39:32 Allaha qarşı yalan uydurandan və özünə gerçək gəldiyində onu yalanlayandan daha zalım kim ola bilər? Kafirlər üçün cəhənnəmdə bir yermi yoxdur?
39:34 Onlar üçün Rəbləri qatında istədikləri hər şey vardır. Yaxşı davrananların qarşılığı budur.
39:35 Beləcə, Allah onların ən pis işlərini bağışlayar və etdiklərinin qarşılığını da ən gözəl bir şəkildə verər.
39:36 Allah quluna yetərli deyilmi? Səni Ondan başqaları ilə qorxudurlar. Allah kimi azdırarsa, ona bir yol göstərən tapılmaz.
39:37 Allahın yol göstərdiyini də heç kimsə azdıra bilməz. Allah Üstün və Öc (İntiqam) Alan deyilmi?
39:38 Onlardan, "Göyləri və yeri kim yaratdı?" deyə soruşsan, "Allah," deyəcəklər. De ki, "Allahdan başqa qulluq/xidmət etdiklərinizə nə deyirsiniz? Allah mənim üçün bir zərər istəsə, onlar Onun zərərini aradan qaldıra bilərmi? Yaxud O mənim üçün bir rəhmət diləsə onlar Onun rəhmətinin qarşısını ala bilərmi?" De ki, "Allah mənə yetər." Güvənənlər Ona güvənsinlər.