بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
3:61 Sənə gələn bu bilgidən sonra hər kim bu mövzuda səninlə mübahisə edərsə, de ki: “Gəlin övladlarımızı, övladlarınızı, qadınlarımızı, qadınlarınızı çağıraraq biz və siz (hamılıqla) bir araya gələk və sonra Allahın lənətinin yalançıların üzərinə olması üçün lənətləşək."
3:62 Məhz, deyilənlərin gerçəyi budur. Allahdan başqa heç bir tanrı yoxdur və əlbəttə Allah Güclüdür, Hikmət Sahibidir.
3:64 De ki, “Kitablılar! Bizimlə sizin aranızda eyni olan bir prinsipə gəlin: Allahdan başqasına qulluq etməyək və Ona heç bir şeyi ortaq qoşmayaq, birimiz digərini Allahdan sonra Rəblər qəbul etməsin." Qəbul etməzlərsə, "Şahid olun, biz müsəlmanlarıq!" - deyin.
3:65 Ey Kitab əhli! Nə üçün İbrahim haqqında mübahisə edirsiniz? Halbuki Tövrat da, İncil də ondan sonra nazil edildi. Ağlınızı işlətməyəcəksiniz?
3:66 Məlumat sahibi olduğunuz mövzularda mübahisə edirsiniz! Bəs haqqında heç bir məlumata sahib olmadığınız bir mövzuda necə mübahisə edə bilirsiniz? Siz bilməyə bilərsiniz; amma Allah bilir.
3:67 İbrahim nə Yəhudi idi, nə də Xristian; Təkallahlı (hənif) bir müsəlmandı. Heç bir zaman ortaq qoşanlardan olmadı.
3:68 İnsanların İbrahimə ən yaxın olanları, onun ardınca gedənlər, bu Peyğəmbər və iman edənlərdir. Allah iman edənlərin Hökmdarı və Dostudur.
3:69 Kitab əhlindən bir qrup sizi yoldan çıxartmaq istəyər. Onlar sadəcə özlərini yoldan çıxardır. Fərqində belə deyillər.
3:70 Ey kitab əhli! Şahid olduğunuz halda, nə üçün Allahın ayələrini inkar edirsiniz?
3:71 Kitab əhli! Nə üçün doğru ilə yanlışı bir-birinə qarışdırır və bilə-bilə gerçəyi gizləyirsiniz?
3:72 Kitab əhlindən bir qrup dedi ki: “İman edənlərə nazil edilənə günün əvvəlində iman edin və sonunda inkar edin. Beləcə bəlkə dinlərindən dönərlər."
3:73 "Sizin dininizə uyandan başqasına inanmayın." Sən də onlara: "Hidayət Allahın hidayətidir", de. "Sizə verilənin bənzərinin bir başqasına verildiyinə də inanmayın; yoxsa Rəbbiniz haqqında sizinlə mübahisə haqqı qazanarlar", deyərlərsə, "Lütf Allahın əlindədir, istədiyinə verir", de. Allah Comərddir, Biləndir.
3:75 Kitab əhlindən eləsi var ki, ona bir yığın mal əmanət etsən, onu sənə tam qaytarar. Fəqət onlardan eləsi də var ki, ona bir Dinar əmanət etsən, başının üstündə durmadıqca geri qaytarmaz. “Ümmilərə qarşı bizim bir öhdəliyimiz yoxdur" dedikləri üçün belə davranırlar və bilə-bilə yalanlarını Allaha isnad edirlər.
3:76 Kim sözünü yerinə yetirər və müttəqi bir həyat sürərsə, bilsin ki, Allah müttəqiləri sevər.
3:77 Allaha verdikləri sözü və andlarını az bir dəyər müqbilində dəyişənlərin axirətdə bir payları yoxdur. Allah onlarla danışmaz, Dirilmə Günü onlara baxmaz və onları təmizə çıxarmaz. Onlar üçün ağrılı-acılı bir əzab vardır.
3:78 Onların bəzisi, kitabda olmayanı kitabdan sanasınız deyə dillərini bükərək kitaba bənzətməyə çalışır və Allah qatından olmadığı halda, "Bu, Allah qatındandır," - deyərlər. Bilə-bilə, Allahın adına yalan danışarlar.
3:79 Allahın kitab, hikmət və peyğəmbərlik verdiyi heç bir insan, "Allahdan sonra mənə də qulluq edin", deyə insanları özünə çağırmaz. Əksinə, "Öyrənib öyrətdiyiniz kitaba uyğun olaraq özünü Rəbbinə həsr edən qullar olun," - deyər.
3:80 Və sizə, mələkləri və peyğəmbərləri rəblər qəbul etməyinizi də əmr etməz. Siz müsəlman olduqdan sonra, sizə heç inkar etməyi əmr edərmi?