بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
48:21 Güc yetirə bilmədiyiniz digər qrupa gəlincə, onları Allah əhatə etmişdir. Allah əlbəttə hər şeyə Gücü Yetəndir.
48:22 İnkar edənlər sizinlə savaşsaydılar, dönüb qaçardılar. Sonra nə bir sahib, nə də bir yardımçı tapa bilməzdilər.
48:23 Əzəldən bəri tətbiq edilən Allahın sünnəti (sistemi) budur. Allahın sünnətində bir dəyişiklik tapa bilməzsən.
48:24 Sizi onlara qarşı üstün gətirdikdən sonra Məkkənin mərkəzində onların əllərini sizdən, sizin də əllərinizi onların yaxasından çəkən Odur. Allah etdiklərinizi Görəndir.
48:25 Onlar inkar edənlərdir, sizi Müqəddəs-Məsciddən və qurbanları yerinə çatdırmaqdan əngəlləyənlərdir. Özlərini tanımadığınız üçün incidə biləcəyiniz iman edən kişilər və iman edən qadınlar olmasaydı və beləcə onlardan ötrü bilmədən özünüzü üzmə ehtimalı olmasaydı... Beləcə Allah istəyəni rəhmətinə daxil edər. Bir-birləri ilə qarışmış halda olmasaydılar, onlardan inkar edənləri ağrılı-acılı bir əzabla cəzalandırardıq.
48:26 İnkar edənlər, könüllərindəki öfkə və təəssübü, cahiliyyə dövrünün fanatizmini alovlandırdıqlarında, Allah elçisinin və iman edənlərin üzərinə hüzurunu endirmiş və onların müttəqilik (təqva) sözünü tutmalarını təmin etmişdi. Onlar buna tam yaraşan və layiq olan kimsələrdi. Allah hər şeyi Biləndir.
48:27 Allah elçisinin röyasını gerçəkləşdirdi: "Allah istəyərsə, güvənlik içində, başlarınızı (saçlarınızı) qırxdırmış və qısaltmış olaraq Müqəddəs Məscidə daxil olacaqsınız. Bir qorxu hiss etməyəcəksiniz. Sizin bilmədiklərinizi bildiyindən, sizə bundan öncə acil bir zəfər hazırlamışdır."
48:28 O, elçisini hidayət və gerçək din ilə göndərdi ki, onu bütün dinlərə üstün etsin, Şahid olaraq Allah yetər.
48:29 Allahın Elçisi Muhəmməd və bərabərində olanlar inkar edənlərə qarşı sərt və öz aralarında isə mərhəmətlidirlər. Onları, əyilib səcdə edərək Allahdan lütf və razılıq diləyərkən görərsən. Üzlərində səcdələrin izləri vardır. Bu, onların Tövratdakı vəsfləridir. İncildəki vəsfləri isə, tumurcuğunu çıxarıb gücləndirmiş və qalınlaşıb gövdəsi üzərinə qalxaraq əkinçiləri sevindirən bitki kimidir. O, onlarla inkar edənləri öfkələndirir. Allah, onlardan iman edib müttəqi davrananlara bağışlanma və böyük bir mükafat söz vermişdir.