بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
4:41 Hər millətin üzərinə bir şahid gətirdiyimizdə, səni də bunların üzərinə şahid olaraq gətirsək halları necə olar?
4:42 İnkar edənlər və elçiyə qarşı gələnlər o gün yerlə bir olmaq istəyərlər. Allahdan heç bir söz gizləyə bilməzlər.
4:43 Ey iman edənlər! Sərxoş ikən nə dediyinizi bilənə qədər, səfərdə olanlar xaric cinsi əlaqədən sonra yuyununcaya qədər namaza durmayın. Xəstə və ya səfərdəsinizsə, yaxud biriniz ayaq yolundan gəlmişsə, yaxud qadınlarla cinsi əlaqəyə girib, su tapa bilməmişsinizsə, təmiz və quru bir torpağa toxunub üzünüzə və əllərinizə sürtərək təyəmmüm edin. Allah Əfv edər, Bağışlayar.
4:44 Özlərinə kitabdan bir pay verilənlərin, azğınlığı satın aldıqlarını və sizin də yolunuzu azmağınızı istədiklərini görmürsənmi?
4:45 Allah düşmənlərinizi daha yaxşı bilir. Dost və sahib olaraq Allah yetər! Yardımçı olaraq Allah yetər!
4:46 Yəhudilərin bir qismi kəlmələrin mənasını dəyişdirir və "eşitdik ancaq qəbul etmirik", və ya "sözünüz kar qulağa girir" və ya dini məsxərəyə qoymaq üçün dillərini əyib-bükərək, "Raina (çobanımız ol)" deyərlər. Onlar, "Eşitdik və itaət etdik", "Dinləyirik" və "Bizə nəzər sal", desəydilər özləri üçün daha yaxşı və daha doğru olardı. Lakin Allah inkarlarına görə onları lənətləmişdir. Çoxları iman etməz.
4:47 Kitablılar! Bəzi üzləri çevirib sürgünə göndərmədən və Şənbə Əhlini lənətlədiyimiz kimi lənətləmədən öncə, yanınızdakıları təsdiqləyici olaraq nazil etdiyimizə iman edin. Allahın əmri daim yerinə yetirilmişdir.
4:48 Allah Özünə ortaq qoşulmasını bağışlamaz; bundan başqasını istədiyinə bağışlayar. Kim Allaha ortaq qoşarsa, çox böyük bir həqarət etmiş olar.
4:49 Özlərini təmizə çıxaranları görmürsənmi? Halbuki Allah istədiyini təmizə çıxarır. Onlara ən ufaq bir haqsızlıq edilməz.
4:50 Bax, necə də yalan yerə Allaha iftira edirlər. Böyük bir həqarət olaraq bu yetər.
4:51 Özlərinə kitabdan bir pay verilənləri görmürsənmi? Bütpərəstliyə və yanlış doktrinalara inanırlar və inkar edənlər üçün, "Bunlar, iman edənlərdən daha doğru yoldadır", deyirlər.
4:52 Onlar Allahın lənətinə məruz qaldılar. Allah kimi lənətləyərsə onun üçün bir yardımçı tapa bilməzsən.
4:53 Yoxsa onların hökmranlıqda bir payımı var? Elə olsaydı, insanlara bir çəyirdək belə verməzdilər.
4:54 Yoxsa Allahın Öz lütfündən insanlara verdiyinəmi həsəd aparırlar? Halbuki Biz, İbrahim ailəsinə Kitab və hikmət verdik. Onlara böyük bir səltənət verdik.
4:55 Onlardan bəzisi ona iman etdi, bəzisi də ondan üz çevirdi. Onlara cəza olaraq cəhənnəm yetər.
4:56 Ayə və möcüzələrimizi inkar edənləri bir atəşə atacağıq. Dəriləri yandıqca, əzabı dadmaları üçün, başqa dərilərlə yeniləyəcəyik. Allah Üstündür, Hikmət Sahibidir.
4:57 İman edib müttəqi davrananları isə içindən çaylar axan cənnətlərə (bağçalara) yerləşdirəcəyik; orada daimi qalarlar. Onlar üçün orada çox təmiz zövcələr var. Onları sərin kölgəliklərə daxil edəcəyik.
4:58 Allah əmanəti sahiblərinə verməyinizi, insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etməyinizi əmr edər. Allah sizə necə də gözəl öyüd-nəsihət verir. Allah Eşidəndir, Görəndir.
4:59 Ey iman edənlər! Allaha itaət edin, Elçisinə itaət edin; sizdən görəv başında olanlara da. Hər hansısa bir mövzuda ixtilafa düşsəniz onu Allaha və elçisinə həvalə edin. Allaha və axirət gününə iman edirsinizsə... Bu, sizin üçün daha yaxşı və ən gözəl həll yoludur.
4:60 Sənə və səndən öncə nazil edilənlərə iman etdiklərini iddia etdikləri halda azğınların və despotların qanunlarını tətbiq etmək istəyənləri görmürsənmi? Halbuki onu inkar etməklə əmr edilmişdilər; fəqət şeytan onları tamamilə azdırmaq istəyir.