بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
4:61 Onlara, “Allahın nazil etdiyinə və elçisinə tərəf gəlin!”– dedikdə, o ikiüzlülərin (münafiqlərin) səndən elə hey qaçdıqlarını görürsən.
4:62 Etdiklərinin nəticəsi olaraq başlarına bir müsibət gəlsə dərhal sənə gələrək, “Məqsədimiz ancaq yaxşılıq etmək və uzlaşdırmaqdı!”– deyə, Allah adına and içərlər.
4:63 Allah onların qəlblərindəkini bilir. Onlara əhəmiyyət vermə, onları aydınlat və özləri barədə onlara təsir göstərə biləcək gözəl sözlər söylə.
4:64 Biz hər elçini, Allahın izni ilə, sadəcə ona itaət edilsin deyə göndərdik. Onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan günahlarının bağışlanmasını diləsəydilər və elçi də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın əfv edən və Rəhmli olduğunu görəcəkdilər.
4:65 Xeyr! Rəbbinə and olsun ki, ixtilafa düşdüklərində səni aralarında münsif etmədikcə və verdiyin qərarı, qəlblərində bir inciklik duymadan qəbul etmədikcə və tam təslim olmadıqca iman etmiş olmazlar.
4:66 “Canınızı fəda edin" yaxud "Yurdlarınızdan çıxın!”– deyə əmr etmiş olsaydıq, çox azı istisna olmaqla bunu etməzdilər. Onlara edilən öyüd-nəsihətə əməl etsəydilər onlar üçün daha yaxşı və daha sağlam olardı.
4:69 Allaha və elçisinə itaət edənlər, Allahın özlərinə yaxşılıq etdiyi peyğəmbərlər, təsdiqləyənlər, şəhidlər və salehlər ilə bərabərdirlər. Onlar nə gözəl yoldaşdır.
4:71 Ey iman edənlər! Ehtiyatınızı əldən verməyin. Bölük-bölük ya da toplu halda hərəkətə keçin.
4:72 İçərinizdə ağır davrananlar var. Sizə bir müsibət gələrsə, "Allah mənə yaxşılıq etdi və onlarla birlikdə şəhid düşmədim," deyər.
4:73 Allahdan sizə bir lütf yetişərsə sanki öncə aranızda heç bir dostluq yoxmuş kimi, "Kaş ki, mən də onlarla birlikdə olsaydım və böyük bir müvəffəqiyyət qazansaydım," deyər.
4:74 Dünya həyatını axirətə dəyişənlər Allah yolunda savaşsınlar. Kim Allah yolunda savaşar, ölər yaxud qalib gələrsə, ona böyük bir mükafat verəcəyik.
4:75 Sizə nə oldu ki, “Rəbbimiz! Bizi əhalisi zalım olan bu ölkədən qurtar, bizə sahib çıx, bizə yardım et!”– deyə fəryad edən əzilmiş kişilər, qadınlar və uşaqlara rəğmən hələ də Allah yolunda savaşmırsınız?
4:76 İman edənlər Allah yolunda savaşırlar. Kafirlər isə azğınların və despotların yolunda savaşırlar. Elə isə şeytanın dostlarıyla savaşın; şeytanın planı zəifdir.
4:77 Onlara, “Savaşdan əl çəkin, namazı qoruyun, zəkatı verin!” – deyilən kəslərə diqqət etmədinmi? Onlara savaşmaları əmr edildiyində, insanlardan Allahdan qorxar kimi, bəlkə də daha artıq qorxmağa başladılar və "Rəbbimiz, nə üçün bizə savaşı yüklədin, bizi yaxın bir vaxta qədər təxirə sala bilməzdinmi?" - dedilər. De ki, "Bu dünyanın varlığı azdır, müttəqilər üçün axirət daha xeyirlidir; ən ufaq bir haqsızlığa məruz qalmayacaqsınız."
4:78 Harada olursunuzsa olun, sağlam qalalarda belə olsanız ölüm sizi haqlayacaq. Başlarına yaxşı bir şey gəlsə, “Bu, Allah tərəfindəndir!”– deyərlər. Onlara bir pislik toxunsa, “Bu, sənin tərəfindəndir!” deyərlər. De ki: “Hamısı Allah tərəfindəndir.” Bu camaata nə olur ki, az qala heç bir hədis (söz) anlamırlar!
4:79 Sənə gələn hər yaxşılıq Allahdan, sənə gələn hər pislik isə özündəndir. Səni insanlara elçi olaraq göndərdik. Şahid olaraq Allah yetər.
4:80 Elçiyə itaət edən, Allaha itaət etmiş olar. Kim üz çevirərsə çevirsin; Biz səni onların üzərinə gözətçi göndərmədik.