بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
7:141 "Bir vaxt sizə ən pis əzabı tətbiq edən Fironun tərəfdarlarından sizi qurtarmışdıq. Qadınlarınızı sağ buraxıb övladlarınızı öldürürdülər. Bunda Rəbbinizdən sizin üçün böyük bir sınaq vardı."
7:142 Musa ilə otuz gecəlik sözləşdik və ona on gecə də əlavə etdik. Beləcə Rəbbinin təyin etdiyi vaxt qırx gecəyə tamamlandı. Musa, qardaşı Haruna, "Xalqım içində mənim yerimə keç, doğru davran. Fəsad törədənlərin yoluna da uyma," dedi.
7:143 Musa, təyin edilən vaxtda Bizə gəlincə və Rəbbi onunla danışınca, "Rəbbim mənə görün, Sənə baxım," dedi. "Məni görə bilməzsən. Ancaq bu dağa bax; yerində durarsa, o zaman məni görəcəksən," dedi. Rəbbi, dağa görününcə onu parça-parça etdi və bundan sonra Musa özündən getdi. Ayılınca, "Sən Ucasan, Sənə yönəlirəm. Mən iman edənlərin ən öndə olanıyam," dedi.
7:144 Dedi ki: "Musa, mesajlarımla və səninlə danışmamla səni xalqın üzərinə seçdim. Sənə verdiklərimi al və şükür edənlərdən ol."
7:145 Hər şeyin detallı açıqlaması və öyüd olaraq hər nə varsa Musa üçün lövhələrə yazdıq: "Bu təlimlərə möhkəm sarıl, xalqına da söylə ona ən gözəl şəkildə sarılsınlar. Yoldan çıxmışların son dayanacağını sizə göstərəcəyəm."
7:146 Yer üzündə haqsız yerə təkəbbür göstərənləri möcüzələrimdən çevirəcəyəm. Hər cürə möcüzəni görsələr də iman etməzlər. Doğru yolu görsələr onu yol seçməzlər. Amma azğınlıq yolunu görsələr onu yol seçərlər. Çünki onlar ayələrimizi yalanladılar və əhəmiyyət vermədilər.
7:147 Ayələrimizi və axirət görüşməsini inkar edənlərin etdikləri boşunadır. Etdikləri əməllərinin qarşılığını almayacaqlarmı?
7:148 Musanın xalqı özündən sonra, süs əşyalarından, böyürtüsü olan bir buzov heykəli düzəldib bütləşdirdilər. Onun, danışmaqdan və onlara yol göstərməkdən aciz olduğunu görmədilərmi? Onu mənimsəyərək zalımlardan oldular.
7:149 Etdiklərinə peşman olub azmış olduqlarını anlayınca da, "Rəbbimiz bizə acımaz və bizi bağışlamazsa ziyana uğrayanlardan olarıq," dedilər.
7:150 Musa, qəzəbli və məyus halda xalqına döndüyü zaman, "Məndən sonra arxamdan necə də pis işlər gördünüz! Rəbbinizin əmrinə dözə bilmədinizmi?" dedi, lövhələri yerə atdı, qardaşının başını tutub özünə doğru çəkdi. (Qardaşı:) "Anamın oğlu, dedi, bu xalq mənim zəifliyimdən faydalandı, az qalmışdı məni öldürəcəkdilər. Üzərimə gələrək düşməni güldürmə, məni bu zalım xalqla eyni tutma."
7:151 (Musa) dedi ki: "Rəbbim! Məni və qardaşımı bağışla. Bizə acı. Sən Mərhəmətlilərin ən Mərhəmətlisisən."
7:152 Buzovu bütləşdirənlər, Rəblərindən bir qəzəbə və dünya həyatında bir alçaqlığa uğrayacaqdır. İftiraçıları belə cəzalandırırıq.
7:153 Pislik işlədikdən sonra tövbə edib iman edənlər üçün Rəbbin əlbəttə ondan sonra Bağışlayandır, Rəhmlidir.
7:154 Musanın qəzəbi sakitləşincə lövhələri götürdü. Onda Rəblərinin ehtiramını saxlayanlar üçün bir yol göstərmə və rəhmət yazılı idi.
7:155 Musa Bizim təyin etdiyimiz görüş vaxtı üçün xalqının arasından yetmiş kişi seçdi. Onları sarsıntı tutunca: "Rəbbim, istəsəydin məni və onları daha öncə məhv edərdin. İçimizdəki başıboşların (səfehlərin) etdiklərinə görə bizi həlakmı edəcəksən? Bu, Sənin edəcəyin bir sınaq olmalıdır. İstədiyini onunla azdırar, istədiyini də onunla doğru yola yönəldərsən. Sahibimiz Sənsən; bizi bağışla, bizə acı. Sən ən yaxşı Bağışlayansan," dedi,
7:156 "Bu dünyada da bizim üçün yaxşılıq yaz, axirətdə də... Biz Sənə yönəldik." Dedi ki: "Əzabım istədiyim kimsəyə toxunacaqdır. Rəhmətim isə hər şeyi bürümüşdür; onu xüsusilə: müttəqi bir həyat sürənlərə, zəkatı verənlərə və ayələrimizə iman edənlərə yazacağam."
7:157 Həqiqətən onlar (vaxtı gəlincə) yanlarındakı Tövrat və İncildə yazılı gördükləri o elçini, o ümmi (Tövrat və İncil oxumamış) peyğəmbəri izləyərlər. (O Peyğəmbər) onlara yaxşılığı əmr edər və onları pislikdən çəkindirər; onlara gözəl şeyləri halal, pis şeyləri də haram edər; üzərlərindəki ağırlıqları və onların buxovlarını qaldırıb atar. Ona iman edənlər, ona ehtiram edənlər, ona yardım edənlər, onunla birlikdə nazil edilən nuru izləyənlər uğur qazananlardır.
7:158 De ki: "Ey insanlar, mən, hamınız üçün, göylərin və yerin hökmranlığına sahib olan Allahın elçisiyəm. Ondan başqa tanrı yoxdur. Dirildir və öldürür." Allaha və ümmi olan elçisinə iman edin, Necə ki, o da Allaha və sözlərinə iman etməkdədir. Ona tabe olun ki, doğrunu tapa biləsiniz.
7:159 Musanın xalqından bir topluluq var ki, gerçəyi göstərirlər və onunla ədalətli olurdular.
7:160 Onları on iki qəbilə halında topluluqlara ayırdıq. Xalqı ondan su istədiyi zaman Musaya, "Əsan ilə daşa vur," deyə vəhy etdik. Ondan on iki çeşmə fışqırdı və hər qəbilə içəcəyi yeri bildi. Ayrıca onları buludlarla kölgələndirdik və üzərlərinə mənna və bildirçin endirdik: "Sizə verdiyim ruzilərdən yeyin." Onlar Bizə haqsızlıq etmirdilər, öz-özlərinə haqsızlıq edirdilər.