بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
8:22 Allah yanında, yaradılmışların (məxluqatın) ən pisi, ağıllarını istifadə etməyən kar və lallardır.
8:23 Allah onlarda bir yaxşılıq olduğunu görsəydi, onlara eşitdirərdi. Onlara eşitdirsəydi belə, yenə üz çevirərək dönərdilər.
8:24 Ey iman edənlər! Sizə həyat verəcək şeylərə çağırdığında Allaha və Elçisinə cavab verin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər və Onun hüzuruna toplanacaqsınız.
8:25 Sizdən sadəcə zalımlara toxunacaq olan fitnədən ehtiyat edin. Bilin ki, Allahın cəzası çətindir (şiddətlidir).
8:26 Sayca az olduğunuz, yer üzündə əzilib xor baxıldığınız və insanların sizi ələ keçirib qaçıracaqlarından qorxduğunuz zamanları xatırlayın. O sizi sığınacaqla təmin etdi, sizi yardımı ilə dəstəklədi və gözəl şeylərdən sizə ruzilər verdi ki, şükür edəsiniz.
8:27 Ey iman edənlər! Allaha və elçisinə xəyanət etməyin; öhdəliklərinizə bilə-bilə xəyanət etmiş olarsınız.
8:28 Bilin ki, mallarınız və övladlarınız sizin üçün bir sınaqdır və böyük mükafat Allah qatındadır.
8:29 Ey iman edənlər! Allahı dinləyərsəniz, sizə doğrunu yalnışdan ayıracaq anlayış verər, pisliklərinizi örtər və sizi bağışlayar. Allah böyük lütf Sahibidir.
8:30 İnkar edənlər səni təsirsiz hala gətirmək və ya səni öldürmək, ya da səni yurdundan qovub çıxartmaq üçün planlar qururdular. Onlar plan qururlarsa, Allah da plan qurur. Allah plan quranların Ən Ustasıdır.
8:31 Ayələrimizi dinlədikləri zaman, "Eşitdik, istəsək biz də bunun bir bənzərini gətirərik. Bu, keçmişlərin əfsanələrindən başqa bir şey deyildir," deyirdilər.
8:32 Hətta: "Rəbbimiz, bu səndən gələn bir gerçəkdirsə, üstümüzə göydən daşlar yağdır, və ya başımıza ağrılı-acılı bir əzab gətir," deyirdilər.
8:33 Sən onların arasında olduğun müddətcə Allah onlara əzab edəcək deyildir. Onlar bağışlanma diləyərlərkən də Allah onları cəzalandıracaq deyildir.
8:34 Başqalarını Müqəddəs Məsciddən uzaqlaşdırırlarkən nə üçün Allahın əzabına layiq görülməsinlər? Halbuki onlar onun qoruyucuları deyillər. Onun gerçək qoruyucuları iman edənlərdir; Ancaq çoxları bunu bilməz.
8:35 Onların, Kəbədəki namazları hiylə və çəkindirməkdən başqa bir şey deyil. İnkar etmənizə görə əzabı dadın.
8:36 İnkar edənlər, insanları Allah yolundan çəkindirmək üçün paralarını (pullarını) xərcləyərlər və daha da xərcləməyə davam edəcəklər. Fəqət bu, sonradan onlar üçün bir üzüntü qaynağı olacaq və ardından yeniləcəklər. İnkar edənlər cəhənnəmə sürüklənəcəklər.
8:37 Beləcə Allah pisi yaxşıdan ayırd edər. Pisləri üst-üstə qoyub toplayar və cəhənnəmə yollayar. Bax ziyana uğrayanlar onlardır.
8:38 İnkar edənlərə söylə: "Son qoyarlarsa, keçmişdə etdikləri bağışlanacaqdır. Dönərlərsə, daha öncəkilərin sünnəti (qanunu) keçərlidir."
8:39 Təzyiq və zülmü ortadan qaldırıncaya və dini sadəcə Allaha aid edincəyədək onlarla savaşın! Düşmənçiliyə son qoyarlarsa, əlbəttə Allah etdiklərinizi Görür.
8:40 Dönərlərsə, bilin ki, Sahibiniz Allahdır. O, ən yaxşı Mövla (Hakim/Dost/Qoruyucu) və ən yaxşı Yardımçıdır.