بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
57:21 Rəbbinizdən bir bağışlanmağa və genişliyi göylər və yer qədər olan bir cənnətə doğru tələsin. Allaha və elçisinə iman edənlər üçün hazırlanmışdır. Bu, Allahın istədiyinə və/və ya istəyənə verdiyi lütfüdür. Allah Böyük Lütf sahibidir.
57:22 Yer üzündə və aranızda olan heç bir şey yoxdur ki, Biz onu yaratmadan öncə bir kitabda qeyd edilmiş (yazılmış) olmasın. Bu, şübhəsiz Allah üçün çox asandır.
57:23 Bu, itirdiyiniz bir şey üçün üzülməməyiniz və Onun sizə verdiyi nemətlərlə də (həddi aşıb) qudurmamağınız üçündür. Allah özünü bəyənib öyünənləri sevməz.
57:24 Bunlar üstəlik xəsisdirlər və insanlara xəsisliyi öyüd-nəsihət edirlər. Kim üz çevirərsə, şübhəsiz Allah Zəngindir, Tərifəlayiq olandır.
57:25 Elçilərimizi açıq-aşkar dəlillərlə göndərdik, onlarla birlikdə kitabı və qanunu nazil etdik ki, insanlar ədaləti qorusun. Böyük bir qüvvətə və insanlar üçün faydalara sahib olan dəmiri də nazil etdik ki, Allah Özünü və elçisini inancla dəstəkləyənləri ayırsın. Allah Güclüdür, Üstündür.
57:26 Biz Nuhu, İbrahimi göndərdik, soylarına peyğəmbərlik və kitab bağışladıq. Bir qismi doğrunu tapdı; amma onlardan çoxu yoldan çıxmışlardı.
57:27 Sonra onların ardınca dalbadal elçilərimizi göndərdik. Məryəm oğlu İsanı da göndərdik və ona İncili verdik. Onun ardınca gedənlərin könüllərinə şəfqət və mərhəmət qoyduq. Fəqət, Bizim onlar üçün təsdiqləmədiyimiz (buyurmadığımız) bir ruhbanlıq (rahiblik) uydurdular. Halbuki onlardan sadəcə Allahı razı edəcək xüsuslara uymalarını istəmişdik. Üstəlik ruhbanlığa (rahibliyə) də lazımınca riayət etmədilər. Aralarından iman edənlərə mükafatlarını verdik; ancaq çoxları yoldan çıxmışlardı.
57:28 Ey iman edənlər, Allaha hörmət qoyub dinləyin və elçisinə iman edin ki, rəhmətindən sizə iki pay versin, sizə, aydınlığında yeriyə biləcəyiniz bir nur bəxş etsin və sizi bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir.
57:29 Beləcə, Kitab əhli bilsin ki, onlar Allahın lütfünü inhisara ala bilməzlər, bütün lütf Allahın əlindədir, onu istədiyinə və/və ya istəyənə verir. Allah Böyük Lütf Sahibidir.